Bakıda “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfrans keçirilir. Tədbirin açılış mərasimində Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və digər şəxslər iştirak ediblər.
Gündəlikdə duran əsas məsələlər minatəmizləmə üzrə qlobal səylərin aktivləşdirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, dövlət qurumlarının, beynəlxalq ictimaiyyətin, özəl sektorun və vətəndaş cəmiyyətinin bu prosesdə birgə iştirakı, bu sahədə qabaqcıl təcrübənin, innovativ metodların və texnoloji yeniliklərin tətbiqi kimi mövzuları əhatə edir. Bu mövzulara Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidənqurması və bərpasında mina təmizlənməsinin rolu nöqteyi-nəzərindən baxılacaq, həmçinin ölkəmizdə minatəmizləmə sahəsində görülmüş genişmiqyaslı işlər haqqında məlumat verilib.
Bundan başqa, konfrans iştirakçıları humanitar minatəmizləmə fəaliyyətinin BMT-nin “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”ndə rolunu və dayanıqlı sülhün təmin edilməsini, bütün tərəfdaşlar arasında dayanıqlı dialoqun qurulmasının sabit mexanizmlərini müzakirə edirlər.
Ümumilikdə, tədbirdə dünyanın 30 ölkəsindən 120-dək iştirakçı, o cümlədən, Böyük Britaniya, Serbiya, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Anqola, Kamboca, İordaniya, Sudan və s. ölkələrdən minatəmizləmə üzrə ixtisaslaşmış strukturları təmsil edən 20 vəzifəli şəxs iştirak edəcək. İştirakçılar sırasında xarici ölkələrin parlamentlərinin üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də var.






























