Müstəqil Azərbaycanın ən böyük büdcə zərfi qəbul olundu. İşğaldan azad edilmiş torpaqlarla bağlı məsələlər gələn ilin büdcəsində prioritet istiqamət kimi nəzərə alınıb.
Bunu Milli Məclisin iclasında büdcə zərfinin qəbulu ilə bağlı çıxışında Baş nazir Əli Əsədov bildirib. O, Tarixi çağırışlar nəzərə alınaraq, Prezident tərəfindən 2030-cu illə bağlı prioritetlər barədə sərəncam imzalandığını, hökumətə sosial-iqtisadi inkişaf strategiyanın hazırlanması ilə bağlı tapşırıq verildiyini deyib. Strategiya layihəsi hazırlanıb və təsdiq üçün Prezidentə təqdim edilib.
Əli Əsədov çıxışında qeyd edib ki, 44 günlük Vətən Müharibəsində qazandığımız qələbədən sonra, Azərbaycan artıq gələcəyə baxır və bölgənin inkişafı üçün əməkdaşlıq haqqında düşünür.
Qeyd edək ki, Milli Məclisin Plenar iclasında Azərbaycan Respublikasının 2022-ci il üçün dövlət büdcəsi təsdiq edilib. Bu miqyasına, gəlir və xərclər həcminə, sosial yönümlülüyünə görə müstəqil Azərbaycanın ən böyük büdcəsidir.