AZ
Video yüklə

Müqayisə edin: Rəcəblinin sözü təhrif edilib?

34 baxış Son xəbərlər
Fikirlərimi təhrif edən insanlarla bağlı mən çox şeyi demək istəmirəm, hər şeyi açmaq istəmirəm, kimisə tutdurmaq istəmirəm. Onda da deyəcəklər, Hadı müəllim adam tutdurur. Mən özüm jurnalist olmuşam. Belə şeylər etmirəm, etmərəm də.



Bu sözləri Axar.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Real TV-də gedən müsahibəsinin başqa saytlar tərəfindən təhrif edilərək verilməsi barədə danışarkən deyib.



Deputat bildirib ki, bunu edən insanlar onun haqqında cəmiyyətdə pis fikir formalaşdırmaq üçün çalışırlar:



“Biz sabah 27-ci ildönümü baş tutacaq Xocalı gününü müzakirə etməliydik. Üzərində azərbaycanlı adını gəzdirən hər bir insan Xocalı məsələləri ilə bağlı çıxışlar etməli, danışmalı, dünyaya səs salmalıdır. Biz dünyaya səs salmalıyıq ki, bizim hüquqlarımız necə pozulub, Azərbaycan xalqına nə boyda qəsd olunub.



Belə bir zamanda bəzi düşmən saytlar, səhifələr dövlətə bağlı olan insanları, dövlətin ən sədaqətli adamlarını ləkələməyə başlayıblar. Cəmiyyətdə bizim kimi insanlar üçün pis fikir formalaşdırmağa başlayıblar.



Mən sosial siyasətlə məşğul olan adamam, siyasi elmlər doktoruyam, professoram, dərs deyirəm. Mən bu işlərin biləniyəm.



Bizim fikirlərimizi təhrif edənlər bilərəkdən təhrif edirlər. Real TV-də gedən videoda mənim nə dediyim aydın görünür. Diqqətlə baxın, görün mən nə demişəm, ancaq təhrif edən saytlar görün necə yazıblar. Bu təhrif edilən versiyanı saytlara yerləşdirib söyüş söyürlər. Biz o söyüşlərin hamısını həmin adamlara qaytarırıq”.



H.Rəcəbli bildirib ki, həm Real TV-də gedən müsahibəni, həm də bəzi saytların təhrif etdiyi həmin fikirləri izləyən ağıllı insan orada deputatın nə demək istədiyini gözəl başa düşür:



“Bu yalanları yazandan sonra tutulurlar, həbs olunurlar, saytlarına nə isə olur, sonra da deyirlər ki, bizim demokratik hüququmuz pozuldu. Sən o təhrif edilmiş fikri qoyursansa saytına, mən o fikirləri təkzib edirəm, bəs mənim təkzibimi niyə qoymursan? Mənim olmayan mülklərim barədə yazırlar, o zaman sübut edin də bunları. Lənkəranda hamı məni tanıyır. Kimdən nə gizlədə bilərik ki, indiki dövrdə. Mənim 4 balam var. Onların hərəsinin də mülkləri var – birinin maşını, birinin evi var. Mən bunu inkar etmirəm ki, ancaq bunların fantastik formada yazdıqlarının heç biri düz deyil.



O insanlara səslənirəm ki, bəsdirin, şərəfsiz, vicdansız olmayın, Allahdan qorxun!



Azərbaycan naminə dünyada etdiklərimizə bir baxın. Bu saytlar bu informasiyalardan birini də işıqlandırmır.



Mən özümə haqq qazandırmaq istəmirəm, siz özünüz də baxmısız, görmüsüz mən nə demişəm və bir də baxın ki, o saytlar nə yazıb, necə təhrif edib”.



Qeyd edək ki, H.Rəcəblinin Real TV-yə müsahibəsində ən çox müzakirə edilən məsələ onun minimum əməkhaqqının 50 manat artırılması ilə bağlı sözləridir.



Bir çox sayt H.Rəcəblinin sözlərini bu cür verib:



"Mən adamların içərisində tez-tez oluram, pensiyaçılarla, aztəminatlı ailələrlə görüşürük, adamlarla söhbət edirik. Pensiyaların artması ilə bağlı bu rəqəmi görəndə, insanlar böyük sevinc keçirirlər. İnşallah martın 1-dən bunu hiss edəcəklər. Bu rəqəm olduqca böyükdür. Azərbaycanda minumum əmək haqqı 50 manat artırlıb. Məgər bu azdırmı? Biz bütövlükdə müzakirə edəndə onunla mən də razıyam ki, tələbatla təminat düz mütənasibdir. İnsan təmin oluna-oluna onun təlabatı da artır. Bunu heç vaxt biz qınamamalıyıq. Mənə sual verə bilərlər ki, Hadi müəllim, insan 180 manatla dolana bilərmi? Əlbəttə ki, çətin olar. Ancaq ailədə 2 nəfər işləyəndə, adam iki yerdə çalışanda dolanmaq olar. Doğrudur, burada çətinliklər var və biz də onu qəbul edirik...”



H.Rəcəblinin Real TV-də bu mövzu ilə bağlı dediyi sözlər isə aşağıda təqdim olunan videonun 7 dəqiqə 50-ci saniyəsindən başlayır.



Müqayisəni oxucular da apara bilər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.