Bu gün, 19 sentyabr tarixində azərbaycanlıların yığcam yaşadığı Marneuli şəhərində ənənəvi Tasua Günü münasibəti ilə yürüş keçirildi. Yürüş Gürcüstan Əhli-beyt cəmiyyəti binasının qarşısından başlayaraq İmam Əli məscidinə qədər davam etdi.
Ölkənin müxtəlif bölgələrindən gəlmiş din xadimləri, Marneuli kəndlərdən gələn sakinlər və müsəlmanların iştirakı ilə baş tutan yürüşdə mərsiyələr oxundu və İslami şüarlar səsləndirildi.
Əhli-Beyt Cəmiyyətindən başlayan İmam Əli məscidində başa çatan yürüşdən sonra din xadimlərinin çıxışları baş tutdu və onlar İmam Hüseynin və onun tərəfdarlarının Kərbəlada necə şəhid olduğu haqda yürüş iştirakçılarına məlumat verdilər. Tədbirin sonunda İmam Əli məscidinin önündə yürüş iştirakçılarına imam ehsanı və Aşura hadisəsindən bəhs edən kitabçalar paylanıldı.
Xatırladaq ki, Məhərrəm ayının ilk on günündə İmam Hüseynə əza saxlanılır. Məhərrəm ayının 10-cu günü olan Aşura günü isə bu il sentyabr ayının 20-nə təsadüf edir.