"Hesab edirəm ki, bu genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaqdır”.
Sfera.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyidir, sağlamlığıdır və onların rifahıdır: "Əlbəttə ki, pandemiya dövründə Azərbaycan digər məsuliyyətli ölkələr kimi, ilk növbədə, vətəndaşların sağlamlığını nəzərə alır. Bütün qalan məsələlər ikinci dərəcəli məsələlərdir, o cümlədən iqtisadi inkişafla bağlı olan məsələlər. Halbuki biz bu məsələlərə də mütləq lazımi fikir verməliyik. Çünki insanların həm sağlamlığı, həm rifahı, ümumiyyətlə, Azərbaycanda sosial sahədə əsas məsələlərdən biridir. İnsanların sağlamlığına aid olan bütün məsələlər bu gün Azərbaycanda öz həllini tapır və əsas məqsəd, bir daha demək istəyirəm ki, pandemiyanın miqyasını nəzarətdə saxlamaqdır. Biz, ilk növbədə, buna nail olmalıyıq. Bir daha demək istəyirəm ki, burada əsas amil vətəndaşların məsuliyyətidir.
Eyni zamanda, təqdim etdiyiniz təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır, onlara əməkhaqlarının əhəmiyyətli hissəsi müvəqqəti olaraq dövlət tərəfindən ödəniləcək. Eyni zamanda, sahibkarlar da, əlbəttə, bir daha demək istəyirəm ki, işçilərin ixtisarına yol verməməlidirlər. Eyni zamanda, sosial təminat sahəsində əlavə tədbirlərin görülməsi də hesab edirəm ki, zəruridir, o cümlədən qeyd etdiyiniz sosial sahəyə aid olan məsələlər. Azərbaycan dövləti bir daha öz sosial siyasətini burada göstərməlidir və göstərir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və biz bunu dəfələrlə sübut etmişik.
Bank sektorunun sağlamlaşdırılması istiqamətində bütövlükdə ilin əvvəlindən addımlar atılır və bu məsələ ilə bağlı bir neçə müşavirə də keçirilmişdir. Hesab edirəm ki, hətta pandemiya ilə əlaqəsi olmayan sahələrdə də islahatlar dərinləşməlidir və bunu biz təmin edəcəyik. Bank sektorunun sağlamlaşdırılması və real iqtisadiyyatı maliyyələşdirməsi istiqamətində əlavə tədbirlər görüləcək. Kredit zəmanət təklifi də hesab edirəm ki, çox vaxtında verilmiş təklifdir. Biz bunu mütləq nəzərə alacağıq.
Sosial sahəyə gəldikdə, keçən il Azərbaycan dövləti öz niyyətini və addımlarını nümayiş etdirib. Keçən il misli görünməmiş sosial paket icra edildi, 4,2 milyon insan bu təşəbbüsdən faydalandı. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz, müavinətlər 50 faiz və bəzi müavinətlər 2 dəfə artırılmışdır. Bu, insanların yaşayış səviyyəsinə çox müsbət təsir göstərmişdir. Üstəgəl, vaxtı keçmiş kreditlər məsələsinin həll edilməsi də ən yüksək səviyyədə Azərbaycanda təşkil olundu. Bu il bir daha biz öz sosial məsuliyyətimizi nümayiş etdiririk. Biz vətəndaşların rifah halının düşməməsi istiqamətində əməli addımlar atırıq və hesab edirəm ki, bu sahədə də birincilik göstəririk”.