2020-ci ildə dövlət tibb müəssisələri tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya əlillik alt sisteminə 78 min göndəriş rəsmiləşdirilib. Həmin göndəriş əsasında 25 min nəfərə əlillik təyinatı aparılıb.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib. O bildirib ki, 2021-ci ilin 8 ayı ərzində isə 130 minə yaxın forma 88 yəni əlilliyin qiymətləndirilməsi üçün göndəriş rəsmiləşdirilib. Hazırda bu rəqəm 140 minə çatıb. İlin sonuna kimi isə statistika 200 mini ötəcək.
Anar Bayramov həmçinin bildirib ki, 2021-ci ilin 8 ayı ərzində 35 minə yaxın şəxsə əlillik təyin olunub. Bunlardan 11 mini ilkin, digəri isə təkrar əlillik təyinatıdır. Ötən il ərzində bu rəqəm 25 min idi.
Sədr əlavə edib ki, bu il eyni zamanda 6711 sağlamlıq imkanları məhdud uşaqların əlillik təyinatı aparılıb.
Qurum sədrinin sözlərinə görə, 3 il ərzində 17 minə yaxın saxta və əsassız əlillik aşkarlanaraq ləğv olunub. Hazırda bu proses davam edir.
Bu il saxta əlilliyə dair 266 nəfərlə bağlı Baş Prokurorluğa məktub göndərilib.
Anar Bayramov bildirib ki, qiymətləndirmə elektron formada tam şəffaf və adsız formada aparılır.
Bundan başqa qurum sədri qeyd edib ki, yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olanlardan, müharibə əlillərindən ibarət 4600 nəfərə reabilitasiya xidmətləri göstərilib. O bildirib ki, Vətən müharibəsində yaralanmış hərbi qulluqçulardan artıq 1750-nə əlillik təyinatı aparılıb. Postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 1500 qaziyə xidmət göstərilib. Artıq 140 hərbçi son nəsil protezlə təmin edilib. Yuxarı ətrafları amputasiya olunmuş 29 qazidən də İslandiyanın ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə müvafiq ölçülər götürülüb və bu aydan yüksək texnologiyalı protezlərlə təminatı prosesinə başlanılacaq.
Anar Bayramov deyib ki, 2-3 ayda ərzində qazilərin reabilitasiya xidmətlərindən istifadəsi üçün yeni rezervasiya sisteminin istifadəyə verilməsi planlaşdırılır. Bununla qazi özü xidmət almaq istədiyi reablitasiya mərkəzini, tarixi və vaxtı müəyyən edə biləcək. Hazırda elektron qeydiyyat şəklində davam etdirilir.
A.Bayramov bildirib ki, Agentliyin tabeliyində olan bütün reabilitasiya müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu il isə Qəbələ və Şəmkir rayonlarında da Uşaq Reabilitasiya Mərkəzləri açılacaq.
REAL






























