Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) üzvləri arasında görüş keçirilib.
Tədbirdə gömrük sistemində yeniliklərlə bağlı sahibkarların məlumatlandırılması, gömrük-biznes münasibətlərinin, qarşılıqlı dialoqun gücləndirilməsi, gömrük prosedurlarının və ticarətin asanlaşdırılması məsələləri müzakirə edilib, biznes nümayəndələrinin təklifləri öyrənilib.
Görüşdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Komitənin sədr müavinləri, aidiyyəti struktur bölmələrinin rəhbərləri, “AmCham”ın prezidenti Nərgiz Nəsrullayeva və Palatanın üzvləri iştirak ediblər.
“AmCham”ın prezidenti Nərgiz Nəsrullayeva iki qurumun rəhbərləri arasında keçirilən görüşlərdə səmərəli müzakirələr aparıldığını diqqətə çatdırıb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev gömrük sistemində aparılan islahatların əhəmiyyətindən danışıb, tətbiq edilən yeniliklər hesabına Azərbaycan gömrük orqanlarının modernləşdirildiyini, ümumdünya gömrük ailəsinin etibarlı və nüfuzlu üzvünə çevrildiyini bildirib. Komitə sədri vurğulayıb ki, İslahatlardan əvvəl gömrük-sərhəd keçid məntəqələrindən gündəlik 150-170 yük nəqliyyat vasitəsinin keçidi təmin olunurdusa, hazırda bu rəqəm 600-ə çatdırılıb. 2019-cu ildən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemini biznes nümayəndələrinin yüksək rəğbətlə qarşıladığını vurğulayan Komitə sədri idxal-ixrac əməliyyatlarının 41 faizinin bu sistemdən istifadə hüququ əldə edən sahibkarların payına düşdüyünü diqqətə çatdırıb.
Səfər Mehdiyev qaçaqmalçılıqla mübarizə, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması sahəsində əldə olunan nəticələrin Ümumdünya Gömrük Təşkilatı, BMT-nin aidiyyəti qurumları və dünyanın inkişaf etmiş dövlətləri tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Sonra Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin biznes nümayəndələri ilə dialoqa daim açıq olduğunu, təşkil edilən görüşlərdə, seminar və konfranslarda səsləndirilən fikirlərin gömrük işinin səmərəli şəkildə qurulmasında mühüm rol oynadığını deyib.
Sonda Palata üzvlərinin təklifləri dinlənilib və sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.
REAL






























