Ölkədə əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində təhsil haqqını dövlət ödəyəcək.
Bununla bağlı "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.
Qeyd edək ki, bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin martın 12-də keçirilən iclasında məlumat verilib.
Qeyd edilib ki, qanunun 20-ci (Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı) maddəsinə təklif olunan dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Bununla yanaşı, adıçəkilən komitənin sədri Hadi Rəcəbli bildirib ki, əlilliyin müəyyənləşdirilməsi məsələsi üzərində də işlər davam etdirilir:
"Bir ildir ki, bu məsələ üzərində fikir mübadilələri, müzakirələr gedir. Çox müxtəlif variantlar irəli sürülür. Hesab edirik ki, bu məsələ ilə bağlı daha ciddi və daha təkmil qaydaların müəyyənləşdirilməsinə ehtiyac var. Hazırda müvafiq qurumlar, nazirliklər bu işlərlə məşğuldurlar.
Amma çox istəyirik ki, bizim dediklərimiz təhrif olunmasın. Bizi artıq təhqirdən də, təhrifdən də, izahat verməkdən də yorulmuşuq. Hər bir məsələ cəmiyyətə olduğu kimi çatdırılmalıdır”.