Gədəbəydə 15 İyun Milli Qurtuluş Günü ərəfəsində “Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi” adlı konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Gədəbəy rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Mərkəzlə tanışlıqdan sonra konfrans başlayıb. Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev fenomenal şəxsiyyət, dahi lider Heydər Əliyevin qətiyyətli mübarizəsi nəticəsində Azərbaycanın müstəqilliyini əldə olunmasından sonra ölkədə aparılan hərtərəfli məhkəmə-hüquq islahatları barədə danışıb. O cümlədən prokurorluq orqanlarının mahiyyət və struktur baxımından yenidən qurulmasını, yüksək nəzəri biliyə və peşəkarlığa malik kadrlarla komplektləşdirilməsini, fəaliyyətin beynəlxalq standartlara uyğun formalaşdırılmaqla müasir dövlət təsisatına çevrilməsini diqqətə çatdırıb.
Konfrans zamanı çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev mötəbər tədbirin Gədəbəy şəhərində təşkil edilməsindən məmnunluğunu ifadə edərək dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratdığını qeyd edib, memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan Müstəqil Azərbaycan Respublikasının Prezident İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi nəticəsində regionun ən inkişaf etmiş ölkəsinə çevrildiyini vurğulayıb.
Tədbir iştirakçıları Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin ideya müəllifliyi əsasında ərsəyə gəlmiş Ümummilli liderin xatirəsinə həsr olunmuş “Qanun naminə-Heydər Əliyev salnaməsi” adlı sənədli filminə baxıb.
Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.
REAL






























