AZ
Video yüklə

Azərbaycan-Vyetnam əlaqələri inkişaf edir

8 baxış Son xəbərlər
Vyetnamın paytaxtı Hanoyda Azərbaycanın bu ölkədəki Səfirliyi və Vyetnam Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi: əlaqələrin tarixi və gələcək perspektivləri” mövzusunda konfrans keçirilib. Vyetnam rəsmilərinin, deputatların, ali təhsil ocaqları, beyin mərkəzləri, diplomatik korpus və mətbu orqanların nümayəndələrinin iştiak etdikləri tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov diplomatik əlaqələrin 1992-ci ildə qurulmasına baxmayaraq, iki xalq arasında ənənəvi dostluq əlaqələrinin daha öncədən mövcud olduğunu və onilliklərlə uğurla inkişaf etdiyini bildirib. bu əlaqələrin təməlinin Ulu Öndər Heydər Əliyev və Vyetnamın ilk Prezidenti Ho Şi Minh tərəfinfən qoyulduğunu vurğulayıb. Nazir müavini müasir zamanda da Azərbaycan-Vyetnam əlaqələrinin uğurla inkişaf etdiyini, siyasi dialoqun yüksək səviyyədə olduğunu, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirildiyini, parlamentlərarası və iki ölkənin hakim partiyaları arasında əlaqələrin genişləndiyini, beynəlxalq təşkilatlarda ölkələrimiz arasında qarşılıqlı dəstəyin mövcudluğunu məmnunluqla qeyd edib. O, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən danışıb, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələrinin istifadəsinin Vyetnamın ixrac məhsullarının Avropa bazarlarına daha tez və effektiv şəkildə çıxarılması üçün əlverişli imkanlar yaradacağını bildirib. Elnur Məmmədov Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranmış vəziyyət, sülh quruculuğu səyləri, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri barədə ətraflı məlumat verib.
Vyetnamın xarici işlər nazirinin müavini Ha Kim Ngoc dövlətlərarası münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfərinin və Vyetnam Prezidentinin 2015 ildə Azərbaycana rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafına güclü təkan verdiyini deyib. O, beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində iki ölkə arasında mövcud qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirib.
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov və Vyetnam Diplomatik Akademiyasının rəhbəri Fam Lan Dunq çıxış edərək Azərbaycan-Vyetnam dostluq əlaqələrinin son illər ərzində bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd edib, münasibətlərin möhkəmlənməsində xalq diplomatiyasının əhəmiyyətini vurğulayıb, təhsil, elm, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.
3 sessiyadan ibarət olan konfransda Vyetnam-Azərbaycan əlaqələrinin tarixi, əldə olunmuş nailiyyətlər və əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Vyetnam Diplomatik Akademiyasının professoru Le Thanh Binh 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunduğunu diqqətə çatdıraraq, Şuşanın Azərbaycanın ən əziz, böyük tarixi olan bir guşəsi və mədəniyyət mərkəzi olduğunu vurğulayıb. O, Ermənistanın təcavüzü zamanı işğal olunmuş Şuşada tarixi, mədəni və dini irsə qarşı törədilən vandallıq barədə məlumat verib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Vyetnama 1983-cü ildə rəsmi səfərindən söz açılıb, xalqlarımız arasında əlaqələrin inkişafında görkəmli dövlət xadiminin əvvəzsiz rolu vurğulanıb.

Sonra Azərbaycanın ADA Universiteti ilə Vyetnam Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş konsert və ziyafət təşkil olunub. Konsertdə Azərbaycanın məşhur bəstəkarlarının əsərləri səsləndirilib.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.