AZ
Video yüklə

*Avtomobilə bayraq şəkli vurmaq olarmı?*

10 959 baxış Son xəbərlər
YPX.AZ xəbər verir ki, bu gün sosial şəbəkələrdə 99 YP 693 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan YPX əməkdaşı ilə xanım sürücü arasında dialoqun videogörüntüsü paylaşılıb. Dialoqdan aydın olur ki, xanım sürücü avtomobilin dam hissəsinə bütövlükdə bayraq şəkli yapışdırdığı üçün əməkdaş saxlama əmri verib. Görüntü ilə bağlı sosial şəbəkələrdə geniş müzakirə və mübahisələr yaranıb. Biz də YPX.AZ olaraq bu videogörüntü üzərində araşdırma etmək qərarına gəldik. Geniş və ətraflı izah verməyə çalışdığımız üçün məqaləmiz bir az uzun ola bilər.

Məsələyə mənəvi tərəfdən baxsaq xanımın bu addımı alqışalayiqdir. Çünki bir vətəndaş olaraq dövlət atributuna, bayrağına öz sevgisini nümayiş etdirib, bayraq sevgisini təbliğ etməyə çalışıb. Bəs bu mövzuda qanun nə deyir? Bildiyimiz kimi hər bir avtomobilin texniki pasportu, şəhadətnaməsi olur. Həmin şəhadətnamədə də avtomobilin mühərrik, ban, şassi nömrələri və rəngi qeyd olunur. Əgər avtomobilin damına bayraq vurulubsa bu o deməkdir ki, ban hissənin rəngi dəyişdirilib. Heç bir avtomobilin ban hissəsi zavoddan Azərbaycan bayrağının rənglərində olan ardıcıllıqla istehsal olunmur. Xülasə, bu halda avtomobilin rəngi dəyişdirilmiş sayılır. Əgər avtomobilin rəngi dəyişdirilibsə qanuna əsasən bu şəhadətnamədə öz əksini tapmalıdır.

Yol Hərəkəti Haqqında Qanun Maddə 27
IV. 4) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar.

Nəqliyyat vasitələrinin texniki baxışdan keçmə şərtlərinə də baxdıqda onun rənginin şəhadətnamə ilə üst-ustə düşməli olduğunu görərik.

YHQ Maddə 27
V-II. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir.

Rəngi dəyişilən avtomobilin 10 gün ərzində qeydiyyata düşməli olduğunu qeyd etdik. Bəs əgər bu videogörüntüdəki kimi, sürücü bu dəyişikliyi qeydiyyatdan keçirməyibsə onu, hansı cəza gözləyir? Əməkdaşın dediyi kimi, sürücüyə cərimə yazılıb, avtomobil cərimə meydançasına getməlidirmi? Görək qanunda bununla bağlı nə yazılıb?

İnzibati Xətalar Məcəlləsi

Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi

96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:

96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;

96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;

96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;

96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;

96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;

96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda ;

96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə.

96.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır.

96.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir.

Gördüyünüz kimi, avtomobilin duracağa aparılmasına əsas verən halların içində əməkdaşın dediyi kimi avtomobilin duracağa aparılması öz əksini tapmamışdır. Lakin 10 gün ərzində dəyişikliyi qeydiyyata saldırmadığı üçün qanunda sürücüyə 50 manat cərimə nəzərdə tutulub.

İnzibati Xətalar Məcəlləsi 339.1
Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etmə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməmə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməmə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozma.

Sonda isə məsələ ilə bağlı sürücülərə təşəkkür etmək və bir neçə tövsiyə vermək istəyirik. Öz şəxsi avtomobilində Azərbaycan Respublikasının bayrağını, milli qəhrəmanların şəkillərini gəzdirib vətənə sevgi təbliğ edən hər kəsə təşəkkür edirik. Həmin şəkilləri minik avtomobilinin arxa şüşəsinə vursanız daha gözəl olar və qanunun tələblərinə riayət etmiş olarsınız. Əvvəla sizin avtomobilin damını digər avtomobillərdə hərəkət edənlərin əksəriyyəti görməyəcək, ancaq arxa şüşəsində olan şəkil hər kəsə görünəcək. Bundan əlavə minik avtomobillərinin arxa şüşələrinin tündlüyü qanunla tənzimlənmir deyə belə etməklə qanunun da tələbini pozmayacaqsınız. Axı vətənə sevgi həm də qanuna hörmətdir.

Ən sonda isə xüsusən avtomobilinə bayraq, milli qəhrəman və şəhidlərin şəkillərini vuran sürücülərdən bir xahişimiz olacaq. Bəzən yollarda görürük ki, avtomobillər vaxtı-vaxtında yığılmadığından, çirklənməyə məruz qaldığından xüsusən milli qəhrəman və şəhidlərin üz cizgilərində bu heç də yaxşı görünmür. Yaxud günəş şüalarının təsiri nəticəsində şəkillər solub tanınmaz hala gəlir, bir tərəfi soyulub qopur və s. Hər birinizdən son dərəcə həssaslıqla xahiş edirik ki, belə halları nəzərə alasınız və diqqətli olasınız.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.