Bu gün Ermənistan rəhbərliyi Baş nazir Nikol Paşinyan və onun sürətlə azalmaqda olan komandası nəinki Qarabağda, hətta İrəvandakı vəziyyətə nəzarət etmək iqtidarında deyil. NOCOMMENT xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov danışıb. Onun sözlərinə görə, Qarabağdan olan “meşə qardaşları”nın təxribatlarının arxasında İrəvandakı siyasətçilər durursa, bu, çətin ki, Nikol Paşinyan olsun, çünki onun buna halı yoxdur: “Əgər bu, tendensiya halına gələrsə, nəticədə Qarabağda qalmağa davam edən bütün qanunsuz silahlı dəstələr və erməni qoşunları rəsmi İrəvana itaət etməyəcək. Bu da çox həyəcanverici siqnaldır. Əlbəttə ki, Qarabağdakı silahlı dəstələr tərəfindən törədilən təxribatlar Azərbaycan hərbçilərini cavab addımına məcbur etməyə yönəlib. Bu da yaxınlarda bölgəyə qayıdan erməni millətindən olan dinc sakinlərə qarşı təcavüz və Bakının 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannaməni pozması kimi şərh ediləcək”, – deyə Arkov bildirib. Arkovun sözlərinə görə, Qarabağda qanunsuz silahlı qruplaşmaların qaldığı müddətdə belə hadisələr təəssüf ki, davam edəcək: “Bununla əlaqədar, bir daha təkrar edirəm ki, bütün döyüşən erməni bölmələri, hansı ad altında gizlənməsindən asılı olmayaraq, Qarabağ ərazisindən çıxarılmalıdır. Demilitarizasiyadan sonra bölgədəki rus sülhməramlıları təhlükəsizliyi təmin etməyə qadirdir. Hazırda bölgədə “yeni təmas xətti”nin (qeyd edək ki, Azərbaycan “yeni təmas xətti” anlayışını qəbul etmir. Hazırda Qarabağda yalnız rus sülhməramlılarının məsuliyyət zonası var, o da müvəqqəti) hər iki tərəfi minalardan təmizlənir. Eyni zamanda bölgəni sakinlərin əllərində olan silahlardan təmizləmək lazımdır”.