Dünya neft bazarında xam neftin qiymətləri 1 dollardan çox ucuzlaşdıqdan sonra yenidən yüksəlib. APA TV-nin məlumatına görə, "Brent" markalı neft iki gün ərzində 70 dollardan 68,66 dollara qədər ucuzlaşıb. Dünən günün ikinci yarısından bu markadan olan neftin qiymətlərində bahalaşma başlayıb. Hazırda "Brent" nefti 69,45 dollardan təklif olunur. Qərbi Texas nefti də dəyər qazanıb. Bu markadan olan neft sutka ərzində 63,41 dollara qədər ucuzlaşıb, hazırda 64,14 dollara satılır. İki marka arasında qiymət fərqi 6 dolların altındadır. Bu da ABŞ-ın neftin qiymətlərinin formalaşmasında təsirinin artması deməkdir. Ötən gün bu ölkədə xam neft ehtiyatlarının həftə ərzində maksimum 3,6 milyon barel azalacağı açıqlanmışdı. Amerika Neft İnstitutunun bu gün açıqladığı rəsmi hesabatda xam neft ehtiyatlarının həftə ərzində 5,12 milyon barel azaldığı açıqlanıb. Ehtiyatların gözləniləndən çox azalması qiymətlərə müsbət təsir edib.