Azərbaycan Televiziyası Xocalı faciəsinin ildönümü ilə əlaqədar daha bir sənədli film çəkib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Son döyüş ” adlı sənədli filmdə Xocalıda 3 nəfərdən ibarət bir ailənin öz evini ermənilərdən qəhrəmancasına qorumasından və düşmənə qarşı mübarizələrindən bəhs olunur.
Ailənin son nəfəslərinə kimi döyüşməsi həm də Azərbaycan xalqının həmin illərdə düşmənlə təkbaşına, heç kimdən dəstək almadan apardığı mübarizəni simvolizə edir.
Sənədli filmdə göstərilir ki, döyüş nəticəsində əvvəlcə ata, sonra ana şəhid olur. Ailənin tək övladı olan balaca oğlan isə sağ qalır. Bu oğlan və ümumilikdə Xocalıda sağ qalan digər uşaqlar söz verirlər ki, gələcəkdə Qarabağı işğaldan azad edəcəklər.
Sənədli filmdə Vətən müharibəsində şəhid olan Xudayar Yusifzadənin ifasına da yer verilib.
İdeya müəllifi Ziya Ağa, ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Vüsal Hacı Qadir olan sənədli filimin quruluşçu operatoru Anar Dadaşovdur.
Sənədli filmdə Azər Həsənov, Fərhad Səmimi, Xuraman Nicat və Muxtar Baxşəli kimi aktyorlar yer alıb.
“Son döyüş” fevralın 27-si saat 21:30-da AzTV-də yayımlanacaq.