Qubalı qızın uğur hekayəsi: Reyhan hələ uşaqlıqdan öz istedadı ilə fərqlənirdi

  • 29.11.2017
  • 0

Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində öz ixtirası ilə diqqəti çəkərək böyük uğura imza atan Reyhan Camalovanın nailiyyətinə ən çox sevinənlər Quba rayonunda yaşayan ailə üzvləridir. Gənc ixtiraçının atası Rauf Camalov AZƏRTAC-a müsahibəsində bildirib ki, ABŞ Prezidenti Donald Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən sammitdəki nümayəndəsi İvanka Trampın qızının nailiyyətini təqdir etdiyi çıxışın videoyazısını dəfələrlə izləyib. “Reyhan hələ uşaqlıqdan istedadı ilə fərqlənib. Biz bir yerdə sənədli və elmi-fantastik filmləri izləmişik. Filmləri izlədikdən sonra həmişə qarşılıqlı fikir mübadiləsi aparırdıq. Reyhan həmişə “günəşdən, sudan, küləkdən enerji alınırsa, niyə yağışdan olmasın” deyirdi. Elə bu fikirlərlə də liseydə müsabiqəyə qatılanda bu layihənin ilkin variantını təqdim etdi. Daha sonra “Yeni fikir” müsabiqəsinə qatılaraq uğur qazandı. “Rainergy” adlandırılan layihə “Climatelaunchpad” yarışmasının Azərbaycan finalında “Tamaşaçıların ən sevimli startapı” adına layiq görülərək diqqət mərkəzinə düşdü. Qızımın qazandığı nailiyyət tək bizim ailənin yox, bütün Azərbaycanın uğurudur”, - deyə gənc startapçının atası qeyd edib. Reyhan Camalova 2002-ci ildə Quba şəhərində dünyaya göz açıb. Birinci sinfə Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə gedib. Özünü elə ilk vaxtlardan çalışqan şagird kimi göstərib. Altıncı sinifdə oxuyarkən imtahan verərək, Azərbaycan üzrə ən yüksək göstərici ilə “İstək” liseyinə qəbul olunub. Reyhanın anası Ulduz Camalova bildirir ki, qızları ilk baxışdan sakit təbiəti ilə diqqət çəkir. “Amma bilirdik ki, Reyhan nə qədər sakit görünsə də, onun daxilində coşmağa hazır bir okean var. “İstək” liseyində oxumağa başlayanda onun potensialı tam ortaya çıxdı. Biz onunla qürur duyuruq.” Qeyd edək ki, Reyhan öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən - yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

Nə düşünürsən?