Bakıda 3-cü “Türk filmləri həftəsi”nə start verildi

  • 27.11.2017
  • 0

Bakıda 3-cü “Türk filmləri həftəsi”nə start verildi. “Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə keçirilən festivalın məqsədi Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin isə Türkiyədə geniş təbliğinə nail olmaqdır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev türk film festivalının tamaşaçılar üçün böyük töhfə olduğunu bildirdi. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki qardaş ölkə arasında əsrlər boyu davam edən sarsılmaz dostluq münasibətlərindən söz açdı. Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu isə iki ölkə arasında qardaşlıq münasibətlərinin bütün sahələrdə mövcudluğunu vurğuladı. Festival “Yeni dünya” filminin nümayişi ilə başlandı. Festivalın baş koordinatoru Öner Kılıç bildirdi ki, beş gün ərzində tamaşaçılara hər gün 5 türk filmi təqdim olunacaq. Noyabrın 20-dək davam edəcək festivalda tamaşaçılar “Aşık”, “Bir gün bir çoçuk”, “Dağ-2” və “Çırak” filmlərini ödənişsiz izləmək imkanı əldə edəcəklər. Film həftəsi çərçivəsində Bakıda səfərdə olan türkiyəli rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşləri keçiriləcək, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılacaq. Bu yaxınlarda Türkiyədə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyinin keçirilməsinin planlaşdırılması barədə də məlumat verildi. Bu cürtədbirlərin iki ölkə arasında mədəniyyətlərin qarşılıqlı tanıdılmasında mühüm rol oynayacağı vurğulandı.

Nə düşünürsən?