Zəngəzur dəhlizinin önəmi

  • 01.06.2021
  • 0

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə regionda yeni reallıqlar yaratdı. Bu reallıqlar isə yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Türkiyə və Rusiya başda olmaqla, bütün region dövlətlərinin, eləcə də türk dünyasının ümumi maraqlarına xidmət edir. Regionun əsas nəqliyyat arteriyası olacaq Zəngəzur dəhlizi də bu reallığın bir hissəsidir.

Müharibənin başa çatdığını göstərən 10 noyabr bəyannaməsinin 6-cı bəndində Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini quru yolla birləşdirəcək Zəngəzur dəhlizinin açılması ehtiva olunur. Yəni bu üç dövlətin - Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı sənədlə təsdiq olunur. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə bəyan edib ki, Ermənistanın istəyindən asılı olmayaraq bu dəhliz açılacaq.

Təqribən 40 kilometr uzunluğa malik olan bu dəhliz yalnız Naxçıvanı Azərbaycana bağlanmır, həm də Türkiyə birbaşa Azərbaycana, buradan isə bütün türk coğrafiyasına, Rusiyaya çıxış əldə edir.

İlk mərhələdə Ermənistan Zəngəzur dəhlizinin mahiyyətinə varmırdı. Hətta müharibədən sonra rəsmi İrəvan bu məsələ ilə bağlı öz etirazını bildirmişdi. Lakin son dövrlər baş verən proseslər, eləcə də bu ölkənin üzləşdiyi ağır sosial-iqtisadi durum Ermənistanı vəziyyəti düzgün təhlil etməyə, dəhlizin açılması faktının qaçılmaz olduğunu anlamağa vadar etdi.

Ermənistanın bəzi müxalif qüvvələri Zəngəzur dəhlizindən siyasi alət kimi istifadə etməyə, bundan müəyyən divident qazanmağa çalışırlar.

Zəngəzur dəhlizinin ölkəmiz üçün əhəmiyyəti isə ölçüyəgəlməzdir. Onsuz da regionda nəqliyyat habına çevrilən Azərbaycan, bu dəhlizlə geniş arealda öz iqtisadi potensialını da artıracaq. Şərqlə Qərb arasında Cənubi Qafqazda, Orta Asiya və Avropa ölkələri ilə yükdaşımaları təmin edəcək.

Beləliklə, beynəlxalq müstəvidə də adı məhz Zəngəzur dəhlizi kimi təsbit edilən bu yol region dövlətlərinin, xüsusən də Türkiyə ilə Azərbaycanın bir-biri ilə əlaqəsini daha da gücləndirəcək, Ermənistan da daxil olmaqla regionun iqtisadi inkişafına təkan verəcək.

Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, tarixi və strateji əhəmiyyətli Zəngəzur dəhlizi regionda sülhün, birliyin, əməkdaşlığın və inkişafın əsas lokomotivi olacaq.

REAL

Nə düşünürsən?