Yeni turizm nişanları istifadəyə verildi

  • 21.04.2021
  • 0

Artıq turistlər Qırmızı qəsəbədə görməli yerləri rahat tapa biləcək
Qırmızı Qəsəbə Quba rayonunda həm yerli həm də xarici turistlərin ən çox üz tutduğu ərazilərdəndir. Lakin burada turizm məkanlarını bildirən nişanların olmaması turistlər üçün gəzməli və görməli yerləri tapmaqda çətinlik yaradırdı.

Lakin bundan sonra turistlər belə çətinliklə qarşılaşmayacaq.

 

Çünki Dövlət Turizm Agentliyinin və İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə turizm marşurutlarının inkişafı və təkmilləşdirilməsi məqsədilə Qırmızı Qəsəbədə yeni turizm məlumat nişanları hazırlanaraq istifadəyə verildi. Turizm marşurutlarında yolların nişana alınması və işarələnməsi strategiyasına uyğun olaraq qəsəbənin müxtəlif yerlərində 18 ədəd yeni nişanlar quraşdırılıb.

 

Bu turizm nişanları vasitəsilə həm əcnəbi, həm də yerli turistlər qəsəbə boyu gəzməli və görməli yerlərin istiqamətlərini müəyyən edə, eləcə də ərazidə quraşdırılmış turizm informasiya lövhələrində həmin obyekt haqqında vacib məlumatları əldə edə biləcəklər. Yeni turizm nişanlarının istifadəyə verilməsi məqsədi ilə keçirlən tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfirinin müavini Doron Peer ölkələrimiz arasındakı dostluq münasibətlərindən söz açdı.

O, qeyd etdi ki, İsrail dövləti yalnız yəhudi icması ilə bağlı deyil, müxtəlif layihələrlə Azərbaycana dəstək göstərməkdən məmnundur.

 

"Quba Azərbaycanın tolerant xarakterinin digər bir nümunəsidir. Bu gün biz bu tolerantlığı birgə qeyd edirik. Biz yerli tur bələdçilərini lazımi ləvazimatla təmin edəcəyik, onların inkişafı üçün, həmçinin pandemiyanın yaratdığı çətinliklərin öhdəsindən gəlməsi üçün sahibkarlara dəstəklə bağlı layihələr reallaşdıracağıq. Biz burada kiçik və orta sahibkarlığın dirçəlib güclənməsi üçün birlikdə çalışacağıq. Biz vəziyyəti qiymətləndirəcəyik, həm Qubada, həm də bütünlükdə Azərbaycanda turizmin bərpası üçün işlər görəcəyik. İsrail həqiqətən də Azərbaycanın irsini dəstəklədiyi üçün fəxr edir. Bu yalnız yəhudi icması ilə bağlı deyil, müxtəlif layihələrlə Azərbaycana dəstək göstərməkdən məmnunuq."

Səfər çərçivəsində qonaqlar Qırmızı qəsəbə ilə tanış olub, burada tezliklə istifadəyə veriləcək dağ yəhudilərinin muzeyinə baxış keçirdi.

Qeyd edək ki, yəhudilərin kompakt yaşadığı Qırmızı qəsəbədə iki sinaqoq, yəhudi dinini öyrədən dərnəklər, Dağ Yəhudilərinin muzeyi, turist informasiya mərkəzi və bir çox görməli məkanlar var.

REAL

Nə düşünürsən?