YAP qurultay keçirdi

  • 05.03.2021
  • 0

YAP qurultay keçirdi
Yeni Azərbaycan Partiyası növbədənkənar qurultayı keçirildi. Bu, 29 yaşlı partiyanın sayca 7-ci qurultayı idi. Hakim partiya sonuncu qurultayını 2018-ci ilin fevralında keçirilmişdi.

Bu dəfəki qurultay yeni şəraitdə keçirilirdi. Əvvəla, hakim partiya Vətən müharibəsindəki qələbədən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından sonra qurultaya daha güclü gedirdi. İkincisi, patiyanın ali toplantısı pandemiya və xüsusi karantin rejiminə təsadüf edirdi. Bu səbəbdən qurultaya daha az nümayəndə dəvət edilmişdi, partiyanın mərkəzi qərargahında nümayəndələr üçün 4 zal ayrılmışdı və onlar sosial məsafənin gözlənilməsi üçün dörd qrupa ayrılmışdı. Qurultay jurnalistlər üçün qapalı keçirilirdi.

Qurultayı Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyev açdı. Daha sonra ötən dövrdə partiyanın fəaliyyəti ilə bağlı hesabatlar dinlənildi, müzakirələr aparıldı.

Çoxlarını maraqlandıran məsələ hakim partiyanın rəhbər strukturlarının formalaşdırılması idi. Qurultay partiyanın 29 ildir mövcud olan Siyasi Şurasını ləğv etdi. Əvəzində İdarə Heyətinin üzvlərinin sayı 20-dən 40-a çatdırıldı. İdarə Heyətinə yeni seçilən üzvlərin əksəriyyəti parlamentin deputatlarıdır.

Bundan başqa, partiyada yeni struktur yaradıldı. Veteran Şurasına sabiq millət vəkili, partiyanın veteranı Arif Rəhimzadə rəhbərlik edəcək.

Ölkədə fəaliyyət göstərən altı partiya da YAP-a birləşib. Beləliklə, Azərbaycanda partiyaların sayı 62-dən 56-ya enib.

Yaxın günlərdə YAP-ın yeni idarə heyətinin ilk iclasının keçiriləcəyi gözlənilir. İclasda partiya sədrinin müavinləri seçiləcək və təşkilati məsələlərə baxılacaq.

 

Nə düşünürsən?