Xocalı soyqırımı Moskvada da anıldı

  • 25.02.2021
  • 0

Xocalı və Holokost qurbanlarının xatirəsinə həsr edilən konfrans keçirilib
Moskvada Xocalı və Holokost qurbanlarının xatirəsinə həsr olunmuş konfrans keçirildi.

Anım tədbiri Rusiya Azərbaycanlı Gənclər Birliyi və Yəhudi Gənclər Təşkilatının təşəbbüsü və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin, eləcə də Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə təşkil olundu.

“Tarixin dərsləri və bəşəriyyətə qarşı törədilən cinayətlərin vaxtında qarşısının alınmasında müasir gənclərin rolu” mövzusunda keçirilən konfransa Azərbaycan, Rusiya, İsrail, Almaniyadan tanınmış siyasi və ictimai xadimlər də onlayn formada qoşuldular.

"Bu gün tarixdə çox mühüm gündür. Tək Azərbaycan xalqı üçün yox, həm də yəhudi xalqı üçün vacibdir. Çünki Azərbaycan və Yəhudi xalqını birləşdirən bir çox məqamlar var. Tarixdə ilk dəfədir ki, Xocalı ilə Holokost faciəsinə birlikdə həsr edilən konfrans keçirilir. Və mən əminəm ki, bu tarixlərin qeyd olunmasını biz ənənəyə çevirəcəyik ki, bu qanlı faciələr haqda dünya məlumatlansın və gənclər unutmasın”, - "Alef" Yəhudi Gənclər Təşkilatının sədri Abram İxilov deyib.

"İlkin olaraq gənclər, Xocalı, Holokost kimi faciələrin tarixi məğzini anlamalıdır. Bu tarixlərin vacibliyini, əhəmiyyətini anlamalıdırlar ki, bu hadisələri unutmasınlar", - "Gənclər Əməkdaşlıq Təşkilatı"nın icra katibi Kristina Denisenko bildirib.

Konfransda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan xalqının bu il Xocalı soyqırımının ildönümünü qalib xalq kimi qeyd etdiyini vurğuladı. Səfir hazırda Azərbaycan tarixinin saxtalaşdırılmasının davam etdiyinə diqqət çəkərək son vaxtlar Rusiya mətbuatında Birinci Qarabağ müharibəsinin guya Sumqayıt hadisələri ilə başladığı barədə məlumatlar yayıldığını bildirdi. Polad Bülbüloğlu qeyd etdi ki, ilk qan Sumqayıtda tökülməyib. 22 fevral 1988-ci il tarixində Əsgəran bölgəsindəki Ermənistan ərazisində iki gənc azərbaycanlı oğlan öldürülüb və bu da Azərbaycanda geniş ictimai etiraza səbəb olub.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova isə çıxışında Xocalı faciəsini Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri adlandırdı.

Qeyd olundu ki, 2008-ci ildə Xocalıya Ədalət kampaniyası başladılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə başlayan bu kampaniyanın fəalları cəmiyyətin ən fəal hissəsi olan tələbələr və gənclərdir.

Çıxışlarında Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov da Xocalı soyqırımının bəşəriyyət tarixində ən dəhşətli terror faktı olduğunu qeyd etdilər.

"Xocalıdakı qətliam, şübhəsiz ki, Azərbaycan xalqına qarşı soyqırım aktı idi. Üstəlik, başqalarından fərqli olaraq, bu soyqırım aydın bir siyasi məqsədlə çox rasional hesablanmışdı. Bu, millətlərarası savaş deyildi, dəqiq bir siyasi plan idi. Dağlıq Qarabağın digər kənd və şəhərlərindəki mülki şəxslərin dəhşət və qorxu içində qaçması üçün Xocalıda bu mülki qırğın təşkil edilmişdi”, - Siyasi ekspert Sergey Markov deyib.

Tədbir çərçivəsində Xocalı və Holokost faciələrindən fotoşəkillər də konfrans iştirakçılarına təqdim olundu.

REAL

Nə düşünürsən?