Xocalı qurbanları Cənubi Koreyada da anıldı

  • 25.02.2021
  • 46 baxış
  • 0

Seulda "Xocalıya ədalət" kampaniyası çərçivəsində aksiyalar keçirilib
Xocalı həqiqətləri barədə Cənubi Koreya ictimaiyyətinin məlumatlandırılması üçün "BUTA" Azərbaycan-Koreya Dostluq Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan icmasının üzvləri silsilə aksiyalara start veriblər.

İlk olaraq Koreyanın nüfuzlu kütləvi informasiya vasitələrinin mərkəzi ofislərinin yerləşdiyi "Digital Media" şəhərciyində yürüş və məlumatlandırma kampaniyası keçirilib. Əyinlərində Koreya və ingilis dillərində "Xocalıya ədalət" yazılmış geyimlər olan aksiya iştirakçıları yerli ictimaiyyətə Xocalı soyqırımına dair Koreya dilində hazırlanmış bukletlər paylayıblar. Koreyalılara Xocalı soyqırımı barədə ətraflı məlumat verilib, daha geniş məlumat üçün "Xocalıya ədalət!" kampaniyasının və Koreya dilində Xocalı hadisələrinə aid internet səhifələrinə baxmaq təklif olunub.

Bundan başqa, şəhərcik yerləşən media qurumlarının rəhbərliklərinə ünvanlanmış "Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində səsimizi eşidin!" başlıqlı müraciət həmin qurumların nümayəndələrinə təqdim edilib. Müraciətdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən 613 azərbaycanlının, o cümlədən azyaşlı uşaq, qadın və yaşlı insanların işgəncələrə məruz qalaraq vəhşicəsinə qətlə yetirildiyi vurğulanıb, Ermənistanın İkinci Qarabağ müharibəsi dövründə də insanlıq əleyhinə olan cinayətlərini davam etdirdiyi və mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etməklə növbəti qətliamlar törətdiyi göstərilib. Müraciətdə, həmçinin Ermənistanın törətdiyi bu kimi cinayətlərin Koreya Respublikası dövləti və ictimaiyyəti tərəfindən qınanmasının və ona hüquqi qiymət verilməsinin vacibliyi diqqətə çatdırılıb.

"Xocalıya ədalət!" kampaniyası çərçivəsində Koreya Respublikası Prezident Administrasiyası və parlamentin rəsmi internet səhifələrində "Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində səsimizi eşidin!" adlı müraciətlər yerləşdirilib.

Oxşar məlumatlandırma aksiyası Cecu adasında 1948-1949-cu illərdə baş vermiş “Cecu qiyamı”na həsr olunan xatirə zalında və “Cecu qiyamı” abidəsinin yerləşdiyi ərazidə də keçirilib. Aksiya iştirakçıları faciə haqqında Koreya dilində hazırlanan “Xocalı soyqırımı” və “Unudulmuş soyqırımı” kitabçalarını xatirə zalının fonduna təqdim ediblər. Həmin kitabçalar ziyarətçilərə əlçatan bir yerdə nümayiş olunacaq

REAL

Nə düşünürsən?