Xocalı faciəsi Çində də anıldı

  • 26.02.2021
  • 0

Çin ictimaiyyəti faciə barədə məlumatlandırılır
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində anım mərasimi keçirildi.

Çində yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdiyi tədbirdə Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Səfir Əkrəm Zeynallı 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycan xalqının ağır və faciəli hadisələrlə, sınaqlarla üz-üzə qaldığını, bunların ən çətininin isə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə yaşanan Xocalı hadisələri olduğunu qeyd etdi.

Xocalı soyqırımının erməni millətçilərinin Azərbaycan xalqına olan nifrətinin və onların terrorçu xislətinin parlaq təzahürü olduğunu bildirən səfir yüzlərlə sakinin xüsusi amansızlıqla qətlə yetirildiyini, girov götürülənlərin dəhşətli işgəncələrə məruz qaldığını, xeyli insanın yaralandığını yada saldı.

Qeyd olundu ki, tarixi ədalət gec-tez bərpa olunur. ötən ilin payızında 44 gün davam edən Vətən müharibəsi zamanı Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Sılahlı Qüvvələrimiz Ermənistanın 30 ilə yaxındır davam edən işğal və təcavüz siyasətinə son qoydu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu Zəfərlə həm də bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı quranlarının qisası alındı.

Tədbirdə həmçinin vurğulandı ki, gələcəkdə bəşəriyyətin bu cür faciələri yenidən yaşamaması üçün baş verən cinayətlərə lazımi hüquqi-siyasi qiymət verilməlidir. Buna nail olmaq üçün dünya ictimaiyyətinin Xocalı soyqırımı haqqında məlumatlandırılması işləri davamlı olaraq aparılır. “Xocalıya ədalət” kampaniyası bu prosesdə böyük rol oynayır. Artıq bir neçə ölkənin parlamenti bu faciəni törədənləri qınayan bəyanatlar və sənədlər qəbul ediblər.

Daha Sonra Xocalı hadisələrindən bəhs edən film nümayiş olundu.

Qeyd edək ki, çindəki səfirliyimizin binası önündə Xocalı soyqırımını əks etdirən şəkillərdən ibarət guşə də yaradılıb. Çin ictimaiyyətinin Xocalıda baş verənlər barədə məlumatlandırılması üçün səfirliyin sosial şəbəkə hesablarında məlumatlar, video və şəkillər yerləşdirilib.

REAL

Nə düşünürsən?