XİN başçıları birgə bəyanat yaydı

  • 24.02.2021
  • 0

Bəyanatda üçtərəfli mexanizmlərdən istifadənin vacibliyi vurğulanıb
Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün Birgə Bəyanatı yayılıb.

Tərəflər, Xarici işlər nazirlərinin 26 may 2014-cü il tarixində Bakıda, 29 yanvar 2015-ci ildə Aşqabadda, 28 avqust 2015-ci ildə Antalyada və 19 iyul 2017-ci ildə Bakıda keçirilmiş Üçtərəfli görüşlərdə qəbul edilmiş birgə bəyanatları təsdiqlədilər.

Əhatəli bir sülh, sabitlik və ortaq firavanlıq məkanının yaradılması ilə bağlı baxışlarını vurğuladılar və çoxtərəfli əməkdaşlıq perspektivlərini genişləndirmək üçün Türkmənistan-Türkiyə-Azərbaycan üçtərəfli mexanizmindən istifadə etməyin vacibliyini qəbul etdilər.

Türkmənistanda keçiriləcək dövlət başçılarının üçtərəfli zirvə görüşünün son dərəcə vacib olduğunu vurğuladılar.

Hər üç ölkənin kiçik və orta müəssisələri arasında mövcud əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etdilər.

Covid-19 pandemiyasına qarşı mübarizədə, o cümlədən imkanları daxilində qarşılıqlı tibbi yardım yolu ilə koronavirus peyvəndi tədarükündə öz həmrəyliklərini davam etdirməyə və gücləndirməyə qərar verdilər.

Nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması ilə bağlı yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğuladılar.

“Şərq-Qərb” Trans-Xəzər nəqliyyat dəhlizi də daxil olmaqla ölkələrin tranzit potensialının gücləndirilməsi üçün görülən əhəmiyyətli səyləri qeyd etdilər və bu baxımdan Türkmənbaşı (Türkmənistan) və Ələt (Azərbaycan) limanları arasında dəniz nəqliyyatının səmərəli fəaliyyətinin vacibliyini vurğuladılar.

Müasir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars (BTQ) Dəmir Yolu layihəsinin Asiya ilə Avropa arasında rəqabətli nəqliyyatın asanlaşdırılmasında əsas rolunu vurğuladılar və BTQ Dəmir Yolu ilə sərnişin daşınmasına hazırlıqlarını alqışladılar.

Növbəti görüşün Türkmənistanda keçirilməsinə razılıqlarını bildirdilər. Görüşün tarixi diplomatik kanallarla razılaşdırılacaqdır.

 

Nə düşünürsən?