Xarici qonaqlar Gəncədə erməni vəhşiliyinin şahidi oldu

  • 14.04.2021
  • 0

Gəncəyə səfər edən İtaliya parlamentinin nümayəndələri şəhərdə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşi nəticəsində dağılan əraziyə baş çəkiblər.

APA TV-nin qərb bürosunun xəbərinə görə, qonaqlar erməni terroru nəticəsində həlak olanların ruhuna hörmət əlaməti olaraq əraziyə güllər düzüblər. 

Onlara düşmənin mülki əhaliyə qarşı törətdiyi cinayətlə bağlı ətraflı məlumat verilib. 

İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının sədri Vito Petroçelli
44 gün davam edən Vətən Müharibəsi dövründə İtaliyanın Azərbaycanı dəstəklədiyini, bugünkü səfərin də dostluğumuzun təcəssümü olduğunu bildirib: “Münaqişə zamanı mülki şəxslərə qarşı yönələn istənilən hərəkət cinayətdir və bütün bəşəriyyətə qarşı yönəlmiş bir əməldir. Bu gördüklərim məndə məyusluq hissi yaradır. Ümid edirəm ki, bundan sonra ölkənizdə sülh olacaq və o çiçəklənəcək”. 

Bu gün həmçinin Ukraynanın İnfrastruktur naziri Vladislav Kriklinin başçılıq etdiyi nümayəndə heyəti də Gəncədə olub. Nazir ermənilər tərəfindən mülki əhaliyə raket atılan ərazilərə baş çəkib. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi nəticəsində ortaya çıxan minaların təmizlənməsi, dəmir yollarının bərpası, infrastrukturun qurulması kimi məsələlər barədə görüşləri zamanı müzakirələr aparıb. 

Ukraynanın bütün məsələlərdə Azərbaycana dəstək vermək istədiyini deyən nazir həmçinin qeyd edib ki, müharibədən əvvəl Ukraynanın Odessa vilayəti ilə Gəncə şəhəri arasında qardaşlıq memorandumu imzalanıb: “Gəncədən Odessaya birbaşa təyyarə reysləri açılması üzərində işləyirik. Bundan əlavə, Odessa Aqrar Universiteti ilə Azərbaycan Aqrar Universiteti arasında təcrübə mübadiləsinə dair müqavilə bağlanıb. Bu da işğaldan azad olunmuş Dağlıq Qarabağ ərazisində kənd təsərrüfatı təyinatı ilə istifadə olunacaq 200 min hektardan artıq ərazilərin becərilməsində faydalı olacaq. Biz də aqrar ölkəyik və bu sahənin inkişafında töhfə verə bilərik”.

Qeyd edək ki, oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın daxil olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

Nə düşünürsən?