Vladimir Putinə qarşı təxribat

  • 27.04.2021
  • 0

Ötən gün axşam saatlarında Ermənistan mətbuatı və Marqorita Simonyanın rəhbərlik etdiyi mətbu orqan, Fransa və Rusiya prezidentləri arasında telefon danışığı ilə bağlı sensasiyalı məlumat yayıb.

Yayılan mesaj İrəvandakı revanşist qüvvələrə ümid verə, Rəsmi Bakıda isə çaşqınlıq yarada bilər. Ancaq əvvəlcə erməni seqmentinin yaydığı məlumatın mahiyyətinə nəzər salaq.

Erməni mediası Yelisey Sarayına yaxın La Tribune nəşri tərəfindən yayımlanan bir məlumatı yayıb. İnformasiyanın məğzinə diqqət yetirək: “Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin tezliklə Dağlıq Qarabağ probleminin həlli təşəbbüsü ilə çıxış edəcəklər. Onlar telefon danışığı zamanı bu barədə razılığa gəlib. Prezidentlərin yaxın günlərdə ATƏT-in Minsk Qrupu çərçivəsində "konkret təşəbbüslər" irəli sürəcəyini planlaşdırdıqları qeyd edilir"

Şübhə yoxdur ki, La Tribune-dakı mesaj Fransa prezidentinin yaxın çevrəsindən sızdırılıb. Yəni, Makronun mətbuat xidməti belə bir rəsmi açıqlama verməyə cəsarət etməzdi. Çünki diplomatik təcrübəyə görə, prezidentlərin söhbətindən sonra onların mətbuat xidmətləri rəsmi mətnləri bir-biri ilə əlaqələndirirlər.

Şübhəsiz ki, Vladimir Putin heç bir halda "Dağlıq Qarabağ problemini" həll etmək təşəbbüsü ilə çıxış etməzdi (!!!), çünki 3 ölkə rəhbərinin Moskva görüşündən sonra Rusiya prezidenti yanvarın 11-də keçirilən mətbuat konfransında Qarabağ probleminin qəti şəkildə nizamlandığını qeyd edib.

Yelisey Sarayı Rusiya prezidentinin sözlərini birbaşa təhrif edə bilməzdi. Moskvadan həmin an təkzib gələcəkdi. Ona görə də, iki prezident arasındakı söhbət barədə Fransız qəzeti xəbər yaydı və dərhal da Nikol Paşinyana yaxın nəşrlər tərəfindən tirajlandı.

Ancaq bir saat yarım sonra Kremlin mətbuat xidməti Makron və Putin arasındakı telefon danışığı ilə bağlı rəsmi açıqlama verdi. Bu açıqlama vəziyyəti tamamilə aydınlaşdırdı və bizə Moskva ilə Paris arasında baş verənlərin tamamilə fərqli bir mənzərəsini ortaya qoydu. Belə çıxır ki, Makron Putinə Qarabağla bağlı deyil, Ukraynadakı vəziyyətin gərginləşməsi ilə bağlı zəng edib. Söhbət zamanı Ukraynanın cənub-şərqində vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edilib. Öz növbəsində, Emmanuel Makron, Parisdə Ukrayna Prezidenti ilə son danışıqların mahiyyəti barədə məlumat verib.

Və bundan sonra Makron Putinin diqqətini Liviyadakı vəziyyətə çəkib. Sonra koronavirus infeksiyasının yayılması, Rusiya-Çexiya münasibətləri, Navalnının səhhəti müzakirə olunub. Və nəhayət, Makron və Putin Dağlıq Qarabağ ətrafındakı sabit vəziyyəti və Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin 9 noyabr tarixli bəyanatlarının icrası üzrə sistematik işi məmnuniyyətlə qeyd ediblər.

Kremlin iki prezidentin dialoquna dair açıqlamasında Qarabağla bağlı başqa heç nə qeyd olunmur. Əlbətdə ki, Azərbaycanın, erməni saytlarında bir anda tirajlanan hansısa fransız qəzetinin anonim məlumatından çox, Kremlin rəsmi açıqlamasına etibar etmək üçün əsasları var.

Fransaya gəldikdə isə Parisin Ermənistana açıq, birtərəfli dəstəyindən sonra, Makron Qarabağda dinc həyatı bərpa etmək üçün vasitəçilik missiyasına mənəvi haqqını itirdi. Münaqişənin hər iki tərəfi vasitəçilik missiyasının həyata keçirilməsini, Rus qoşunlarının sülhməramlı kontingenti və Prezident Vladimir Putinə həvalə edib. Rusiya bir tərəfdən Ermənistanın hərbi-siyasi müttəfiqi, digər tərəfdən isə Azərbaycanın dostu və strateji tərəfdaşıdır. Üstəlik, Rusiya döyüş əməliyyatları zamanı açıq şəkildə bitərəfliyini göstərib.

Makronun Putinə qarşı təxribatı isə bir daha Yelisey sarayının Azərbaycanın maraqlarına qarşı ən çirkin vasitələrdən belə istifadə etməkdən çəkinmədiyini göstərir.

REAL

Nə düşünürsən?