Türkiyəli gənclər Xocalıya ədalət tələb edir

  • 26.02.2021
  • 0

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondu (TUGVA) tərəfindən İstanbul şəhərində silsilə tədbirlər təşkil olunub.

"Report" xəbər verir ki, belə tədbirlərdən biri də Ayasofya məscidinin qarşısında reallaşdırılıb.

Belə ki, tədbir zamanı İstanbulda fəaliyyət göstərən yerli və xarici media qurumlarına Türkiyə gəncləri adından bəyanat səsləndirilib və televiziya kanallarına müsahibələr verilib.

Bəyanatda Xocalı soyqırımının tanınması və cinayətkarların məsuliyyətə cəlb olunması ilə bağlı beynəlxalq təşkilatlara çağırış əks olunub və soyqırımı həqiqətlərinin yayılmasında Azərbaycanla həmrəylik ifadə edilib.

TUGVA Mərkəzində Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun birgə həyata keçirdiyi “Qarabağ zəfəri” rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət sərginin açılışı baş tutub.

Həmçinin Mərkəzdə Türkiyənin bütün bölgələrinin gənclərinin iştirakı ilə geniş onlayn tədbir keçirilib. Tərdbirdə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş soyqırımı barədə məlumat verilib. Bildirilib ki, mülki azərbaycanlılara qətliam siyasəti Ermənistan siyasi-hərbi rəhbərliyinin fəaliyyətinin dəyişməz istiqaməti olub. Qeyd olunub ki, ötən il Azərbaycanın Şanlı Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağı azad etdiyi zaman da ermənilər tərəfindən şəhər və rayonlarımız atəşə tutulub, mülki insanlar qətlə yetirilib. Cinayətkarların məsuliyyətə cəlb edilməsi və Xocalı soyqırımı qurbanlarının xatirəsinin uca tutulması naminə iki ölkə gənclərinin birgə təbliğat işini davam etdirməsi qərarlaşdırılıb.

Onlayn toplantıda Xocalı hadisələrinə həsr olunmuş və “Kiçik Oskar” adlandırılan “Accolade Qlobal Film Competition” nəşrinin ən yüksək mükafatına layiq görülmuş “Sonsuz dəhliz” filmi də nümayiş etdirilib. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində çəkilmiş film toplantı iştirakçıları tərəfindən böyük diqqət və dərin kədərlə qarşılanıb.

Tədbirlərdə Türkiyə Gənclər Fondunun sədri Enes Eminoğlu, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkili Naqif Həmzəyev və Xocalı soyqırımının canlı şahidi, Xocalıda atası və 7 yaşlı bacısı qətlə yetirən Xəzangül Əmirova çıxış edib.

Nə düşünürsən?