Türkiyə Azərbaycanda baza qura bilər, QH maneə deyil

  • 01.06.2021
  • 0

Qoşulmama Hərəkatı (QH/NAM) Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılmasına maneə deyil. Təşkilat öz üzvlərindən sadəcə hərbi bloklara qoşulmamağı tələb edir.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O bildirib ki, Azərbaycan ərazisində hansısa ölkənin hərbi bazasının yaradılması və ya hərbi kontingentinin yerləşdirilməsi həmin ölkə ilə rəsmi Bakının verəcəyi qərardan aslıdır:

“Soyuq müharibə illərində SSRİ-nin Varşava paktı ilə ABŞ-ın NATO-su arasında qalan dövlətlər neytrallığını qoruyaraq, belə bir təşkilat ətrafında birləşdilər.

Azərbaycan Qoşulmama Hərəkatının sədri və üzvü olduğu üçün indiki halda nə KTMT, nə də NATO kimi hərbi bloklara qoşula bilər. Lakin öz ərazisində Türkiyə, Pakistan və ya başqa bir ölkənin hərbi bazasını yarada bilər. Bu ölkəmizlə həmin ölkə arasında aparılacaq danışıqlardan asılıdır”.

F.Mehdiyevin sözlərinə görə, Türkiyə NATO ölkəsi olsa da, onun Azərbaycan ərazisində yaradacağı hərbi baza təşkilatın bazası sayıla bilməz:

“Məsələ ondadır ki, bu gün bir çox NATO ölkəsinin başqa ölkələrdə hərbi bazası mövcuddur. Misal üçün ABŞ NATO ölkəsi olsa da, bir çox ölkədə hərbi bazaları var. Bu mənada Türkiyənin NATO ölkəsi olması onun Azərbaycanda hərbi baza yaratmasına heç bir maneə deyil. Onu da qeyd edim ki, bu gün ABŞ-ın hərbi bazası olan ölkələrin bəziləri elə Qoşulmama Hərəkatının üzvüdür”.

Nə düşünürsən?