Təhsil nazirindən vacib açıqlama

  • 30.04.2021
  • 0

“Təhsil innovasiyaları və iqtisadiyyatın sintezi Azərbaycanın gələcək inkişafının ən əsas açar sözləridir”.

APA TV-nin xəbərinə görə, bunu "Təhsil, İnnovasiyalar və İqtisadiyyat" mövzusunda keçirilən panel müzakirəsində Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, iqtisadi artım tempi təhsil nəticələri ilə sıx əlaqəlidir. Hazırda  Azərbaycanda 253 məktəbdə fiber-optik internet var: "Şagirdlərin 75 faizini əhatə edən 1543 məktəbi fiber-optik internetlə təmin etməyi planlaşdırırıq. Biz hazırda təhsil sistemini daha çox qiymətlər və ballarla ölçürük. Amma məncə, biz buna yenidən baxmalıyıq. Təhsil sistemini ballarla yox, müxtəlif indikatorlarla ölçməyimiz daha yaxşı olardı. Təhsilin həm innovasiyalara, həm iqtisadiyyata bağlanması, ölçülə bilən nəticələrin iqtisadi rifaha təsiri olduqca vacibdir".

Azərbaycanda milli innovasiya strategiyasına dair sənədin ilkin formasının hazırlandığını deyən Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev bildirib ki, sənəd müəyyən mərhələdə sahə iştirakçıları arasında və elm ictimaiyyətində müzakirəyə çıxarılacaq. Onlardan da alınan töhfələr əsasında yol xəritəsi yarana və bu yol xəritəsi strategiyaya uyğun sinxronlaşdırıla bilər: "Hesab edirəm ki,  ölkədə innovasiya sistemini təhlil etməliyik. Bu təhlil bizə nələr verəcək? Bu təhlil bizə bazarda İT və mühəndislik bacarıqlarına tələb və təklifi müəyyən etmək üçün yaxşı bir baza olacaq. İkincisi təşəbbüskar İT mütəxəssisləri inkişaf etdirməkdir. Yəni bu ixtisasın sertifikatlaşdırılması məsələsidir ki, hazırda Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə birgə fikir mübadiləsi aparılır. Hesab edirik ki, Ali məktəblərdə təhsil və elm mərkəzləri yaradılsın. Düşünürük ki, xaricdə yaşayıb tədqiqat aparan həmvətənlərimizi bu elm mərkəzlərinə dəvət edək və onların təcrübəsindən yararlanaq”.

İşğaldan azad olunmuş ərazilərdə yaradılacaq infrastrukturdan danışan İqtisadiyyat naziri Mikayıl Cabbarov isə bildirib ki, bu ərazilərdə ilk növbədə “ağılı kənd” və “ağıllı şəhər”in salınması nəzərdə tutulur. Bunun üçün ilk növbədə yeni layihələrə mütəxəssislər cəlb olunmalıdır. Hazırda bir sıra şirkətlərdə kifayət qədər elm və müasir texnologiyaları mükəmməl bilən ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Bu gün Azərbaycanın əsas uğurlu iqtisadi siyasətində insan kapitalının yetişdirilməsi dayanır deyə nazir bildirib.

Nə düşünürsən?