Tarixi irsimizə qarşı vəhşilik

  • 17.04.2021
  • 0

Ermənistan 30 il ərzində işğal etdiyi ərazilərdə maddi mədəniyyət abidələrimizi vəhşicəsinə dağıdıb, yerlə-yeksan edib. Düşmənin niyyəti Qarabağın Azərbaycan xalqına məxsus olması faktını sübut edən çox sayda qiymətli tarixi abidələri, məscid və ziyarət yerlərini yox etmək olub. 44 günlük Vətən müharibəsi nəticəsində tarixi torpaqlarımızı düşməndən azad etdikdən sonra erməni vandallarının bədxah əməlləri bütün çılpaqlığı ilə üzə çıxıb.

İndiyədək dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyekt aşkar edilib.

Həmçinin aparılan monitorinqlər zamanı 637 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 327-si kitabxana, 258-i mədəniyyət evi və klub müəssisəsi, 20-si muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereyadır. Müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.

İşğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər də nəinki dağıdılıb, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilib.

Burada, Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır.

Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilib.

Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri də dağıntılara məruz qoyulub, İbrahimxəlil xanın türbəsi isə tamamilə yerlə yeksan edilib.

Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər xalqımıza məxsus məscidlərdə ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. İşğal olunmuş ərazilərdə yerləşən zəngin mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik, unikal abidələrə bu cür münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir. Ermənistan tərəfinin digər bir təxribatı isə Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidində “bərpa” işləri adı altında abidənin tarixini saxtalaşdırması, xalqımıza məxsus bu tarixi tikilinin fars məscidi olmasını iddia etməsidir. Məqsəd isə iki qonşu və dost xalqı bir-birinə qarşı qoymaq idi.

Ermənistan tərəfinin vandalizmi yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə də özünü göstərib. Belə ki, Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalıb. Xudavəng monastırına aid Arzu xatun kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülüb. Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə zərər dəyib.

Təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə Xocavənd rayonunda yerləşən Azıx mağarası, Ağdam rayonunda yerləşən Şahbulaq qəsrinin yaxınlığında xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi saxta arxeoloji ekspedisiyalar tərəfindən qanunsuz qazıntı işləri təşkil olunub.

Ermənistan tərəfinin mədəniyyət obyektlərinə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya”nın müddəalarını kobud şəkildə pozub.

Qeyd edək ki, aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Amma təəssüflər olsun ki, beynəlxalq təşkilatlar tərəfindən bu diqqəti görmürük. Azərbaycanın bir qrup ziyalısı UNESCO-ya müraciət ünvanlayaraq Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsi ilə bağlı ciddi narahatlığını bölüşüb. Eyni zamanda işğaldan azad olunan ərazilərin maddi-mədəniyyət nümunələrinin monitorinqini təşkil etmək istənilib. Lakin təəssüflər olsun ki, qurum tərəfindən müraciətlərə hələ də cavab verilməyib.

Nə düşünürsən?