Şeyxülislam Qareginin Xankəndinə səfərini pislədi

  • 09.06.2021
  • 0

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bəyanat yayıb. Bəyanatda II Qareginin Xankəndiyə səfəri pislənib.

“30 ilə yaxın müddət ərzində Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni işğalda saxladığı, BMT qətnamələrinin tələblərini yerinə yetirmədiyi zamanda biz həmişə münaqişənin sülh yolu ilə həllinə, müxtəlif səviyyələrdə, o cümlədən dini müstəvidə danışıqlar prosesinə tərəfdar olduq, din adından nifrətə çağırışlar, qızışdırıcı bəyanatlar səsləndirmədik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dini liderlərin Ümumdünya Kilsələr Şurasının, Gürcü Pravoslav Kilsəsinin, Vatikanın, ələlxüsus Rus Pravoslav Kilsəsinin ali vasitəçiliyi ilə baş tutmuş Möntre, Rostov, Moskva, Tbilisi, Yerevan, Bakı görüşləri sayəsində dini müstəviyə keçməsinə yol vermədik.

Lakin, çox təəssüf ki, münaqişənin sülh yolu ilə ədalətli həlli ilə bağlı səylər erməni kilsəsi tərəfindən əməldə dəstəklənmədi. İllərlə davam edən dinlərarası dialoqumuz dövründə sülhə nail olmaq naminə birgə bəyan etdiyimiz və hazırkı erməni dini liderlərinin də imzaladığı Bəyannamələrin ruhuna zidd olaraq Erməni Apostol Kilsəsi öz xalqına nicat verəcək sülh ideyalarını təşviq etmədi, barışığa, dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa sövq etmədi. Əksinə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan erməni siyasi liderlərin cinayətkar əməllərinə mənəvi haqq qazandırdı.

Bu cür fəaliyyətin hələ də davam etdirilməsi, erməni katolikosu II Qareginin bu yaxınlarda Xankəndiyə səfər etməsi və bu zaman onun tərəfindən revanşist bəyanatların səsləndirilməsi böyük təəssüf doğurur. Həmçinin, qeyd olunmalıdır ki, erməni kilsəsi işğal altında olmuş torpaqlarımızda dağıntı, həqarətə məruz qoyulmamış salamat bir məscid, dini abidə qalmadığı halda, multikultural dəyərlər ölkəsi olan, tolerant Azərbaycanda guya xristian dini abidələrinin təhlükədə olduğu barədə, habelə ziyarət və ibadətlərinə mane yaradıldığına dair saxta məlumatlar yayır.

Bütün Qafqazın Şeyxi bəyan edib ki, Müharibə erməni xalqının müsibətlərinə, erməni analarının özgə torpağında işğalçı müharibədə həlak olmuş və itkin düşmüş övladları üçün acı göz yaşlarına və nisgilli fəryadlarına səbəb oldu. Heç şübhəsiz ki, bu kimi yanaşma bölgədə yaşayan xalqların, ilk növbədə, məhz erməni xalqının xoşbəxt və firavan yaşamasına xidmət etmir.

44 günlük Vətən müharibəsində Ali Baş Komandanın ətrafında sıx birləşmiş Azərbaycan xalqının ordu, dövlətlə birlik əzminə, Haqq, ədalətin bərpası, Vətən torpağı uğrunda mübarizəyə hazırlıq ruhuna bütün dünya şahidlik etdi. İşğala son qoyaraq tarixi ədaləti, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edən Azərbaycan hal-hazırda bölgənin, o cümlədən, Ermənistanın da iqtisadi inkişafını, erməni xalqının rifahını təşviq edəcək əməkdaşlıq layihələri ilə çıxış edir.

Belə bir taleyüklü mərhələdə yenidən müharibəyə təhrik edən çağırışlar qəti şəkildə pislənilməlidir. Xalqların xoşbəxt, dinc birgə yaşayışı üçün, ilk növbədə, sülh və sabitlik lazımdır, buna görə bölgəmizdə hadisələrin xoşagəlməz istiqamətə yönləndirilməsi cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır. Dünya birliyi bu məsələdə biganə qalmamalı və belə hallara qarşı öz səsini ucaltmalıdır."

REAL

Nə düşünürsən?