Şəhid xəbəri 5 ay sonra gələn Qalası dəfn edildi

  • 21.04.2021
  • 0

Vətən müharibəsi zamanı itkin düşən və 5 aydan sonra ötən gün şəhid xəbəri gələn hərbi qulluqçu Kərimli Qalası Müslüm oğlunun nəşi bu gün doğulduğu Hacıqabul rayonuna gətirilib. 

Bu barədə “Qafqazinfo”ya Hacıqabul rayonunun Muğan qəsəbə bələdiyyəsinin sədri Nemət Babayev məlumat verib. Onun sözlərinə görə, şəhidin yaxınları, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin vida mərasimi keçirilib. Hazırda isə şəhid Muğan qəsəbə qəbiristanlığında dəfn olunub. 

Dəfn mərasimində rayonun icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov da iştirak edib. 

Qeyd edək ki, Qalası Kərimli 2000-ci il yanvarın 8-də Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olub. Ailəsi onunla sonuncu dəfə noyabrın 2-də əlaqə saxlaya bilib. Q.Kərimlinin Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə 5 ay əvvəl itkin düşdüyü bildirilirdi. 

Q.Kərimli torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Nə düşünürsən?