Səfir Qarabağda donuz saxlanılmasından yazdı

  • 04.11.2020
  • 0

"Qarabağda 30 ildir ki, Azərbaycan məscidlərində donuzlar saxlanılır", - bu barədə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov “Facebook” səhifəsində yazıb. Səfirin məqaləsini olduğu kimi tam şəkildə təqdim edirik. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində 1988-ci ilədək təxminən 403 tarixi və dini abidə: məscidlər, məbədlər, ziyarətgahlar var idi. İlk öncə, son 30 ildə ermənilər İslam dini abidələrini: məscidləri, məqbərələri və s. məhv edib. Belə ki, 67 məsciddən 63-ü tamamilə, 4-ü qismən dağıdılıb. Yalnız beynəlxalq təşkilatların təzyiqi nəticəsində Ağdamdakı Cümə məscidinin, Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərinin və Şuşadakı Saatlı məscidinin divarları bütöv saxlanılıb. Buna baxmayaraq, bu gün ermənilərin ədəbsizliyi və azərbaycanlılara nifrətinin təcəssümü olaraq onların içərisində donuz və mal-qara saxlanılır. Ağoğlan (Laçın rayonu), Xudavəng (Kəlbəcər rayonu), Gəncəsar (Ağdərə rayonu) və digər məbədlər Qriqoryan kilsələrinə çevrilib və erməniləşdirilib. Eyni zamanda, işğal olunmuş ərazilərdəki çay, göl, kənd və şəhər adları erməniləşdirilib. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə Zəngilan rayonunun Məmmədbəyli kəndindəki XIV əsrin əvvəllərinə təsadüf edən məqbərənin dağıdıldığını, XIII əsrin Füzuli rayonunda Şeyx Baba məqbərəsinə böyük ziyan vurulduğunu söyləyib. “Erməni vandalizminin əli ilə Şuşada və digər rayonlarda Pənahəli xan tərəfindən tikdirilmiş qala və istehkamlar dağıdılıb, şairə Natəvanın evi qəzalı vəziyyətə düşüb. İşğalçılar abidələri erməni memarlığının nümunələri kimi təqdim etmək məqsədilə xarici görünüşünü dəyişdirib, qədim dini tikililər dağıdıb. Onlar Ağdərə, Laçın və Kəlbəcər rayonlarında alban tikililərinə də eyni şeyləri edib", - o əlavə edib. Mütəxəssisin fikrinə əsasən, erməni vandalları tərəfindən Azərbaycanın müasir milli heykəltəraşlığının bəhrələndiyi Laçın və Kəlbəcər rayonlarında bir çox qədim heykəllər, daş qoç fiqurlar və atlar məhv edib. Ermənistanın Azərbaycanın dini, mədəni və tarixi abidələrinə qarşı təcavüzkarlığı bu gün də davam edir. Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrinə, dinc əhaliyə, eləcə də tarixi abidələrə, qəbiristanlıqlara, müqəddəs yerlərə atəş açır. Gəncə, Bərdə, Goranboy, Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Beyləqan rayonlarına artilleriya və raket hücumları nəticəsində bir sıra tarixi və dini abidələr məhv edilib. Belə ki, sentyabrın 27-dən başlayaraq Azərbaycanın yaşayış məntəqələrinin müxtəlif növ silah və ağır toplarla atəşə tutulması nəticəsində Füzuli rayonunun Babı kəndi yaxınlığındakı qəbiristanlıqda yerləşən Şeyx Babı türbəsinə ciddi ziyan dəyib və düşmən tərəfindən atılan mərmi Beyləqan rayonundakı Cərcis ziyarətgahının yaxınlığına düşüb. İslama aid tarixi abidələrin ermənilər tərəfindən amansızlıqla məhv edilməsinin səbəblərindən biri də üzərində müsəlman epiqrafiyası olan yazıların olmasıdır. Bu fakt dini abidələrin erməniləşdirilməsinə cəhd göstərməyi və onların Azərbaycana məxsus olmadığı kimi təqdim etməyi və bu torpaqların həmişə ermənilərə məxsus olduğunu söyləməyi mümkünsüz edir. Sözsüz ki, yuxarıda qeyd olunduğu kimi, ikinci səbəb Azərbaycan xalqına nifrətdir. İstənilən halda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə cinayətlərə, habelə mədəni irsin məhv edilməsinə görə məsuliyyət daşıyır. Azərbaycana məxsus tarixi abidələrin Ermənistan tərəfindən məhv edilməsi "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası, "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il Avropa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında" 1972-ci il YUNESKO Konvensiyanın tələblərinə birbaşa ziddir. Ermənistanın Azərbaycan xalqının mədəni irsini məhv etməyə və saxtalaşdırmağa yönəlmiş fəaliyyəti bütün bəşəri mədəniyyətə təcavüzdür. Nəhayət, erməni vandalları bu hərəkətlərinə görə cavab verməli, cəzalandırılmalı və dünya ictimaiyyəti bu faktı diqqətdən kənarda qoymamalıdır.

Nə düşünürsən?