Sahibkarlar xarici ölkələrə böyük investisiyalar yatırır

  • 30.08.2020
  • 0

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət öncə yeni təyin edilən icra başçılarını qəbul edən zaman məmurlarla yanaşı sahibkarlar da yol xəritəsi göstərən çıxışı ilə yadda qaldı. Dövlət başçısı ölkədə iqtisadiyyatın liberallaşdırılması üçün görülən işlər, aparılan dərin islahatların sahibkarların inkişafına dəstək olmaq məqsədi daşıdığını diqqətə çatdırdı. Ancaq Prezident bəzən sahibkarların onlara göstərilən diqqət və qayğıya adekvat reaksiya verməyərək pandemiya dövründə ölkənin çətin iqtisadi problemlərlə üzləşdiyi bir vaxtda başqa ölkələrə irihəcmli investisiyalar yatırmasının anlaşılmaz olduğunu da vurğuladı. Çünki indiyə qədər sahibkarlara sistemli şəkildə dövlət dəstəyi verilib. Dövlət başçısı pandemiya ilə mübarizənin ümummili bir məsələ olduğunu və bu istiqamətdə hər kəsin bir mövqedən çıxış etməli olduğuna diqqət çəkdi. Prezident sahibkarların bu işə töhfəsinin mövcud iş yerlərini qorumaq və yeni iş yerləri açmaq olduğunu bildirib. Ancaq dövlət başçısı bəzi sahibkarların milyonlarla vəsaiti ölkədən çıxararaq başqa ölkələrdə biznes fəaliyyətinə başlamasını xüsusilə bu dövr üçün məqsədəuyğun hesab etmir. Çünki dövlətin Azərbaycanda yaratdığı biznes mühitində böyük vəsaitlər qazanıb onu xarici ölkəyə yatırmaq ən azından pandemiya dövründə nə başadüşülən, nə də qəbulediləndir. Bu işdə dövlət məmurları da ciddi işlər görməlidirlər ki, investisiya xaricə yox, milli iqtisadiyyata yatırılsın. Dövlət başçısı sahibkarları ölkə iqtisadiyyatına investisiya qoymağa çağırmaqla yanaşı bütün yerli və mərkəzi icra orqanlarına da xəbərdarlıq edərək bildirdi ki, dövlət orqanlarının vəzifəsi sahibkarlara dəstək olmalıdır. Bütün sahibkarların maraqları qorunur və buna mane olan şəxslər kimliyindən asılı olmayaraq layiqli cəzasını alacaq. Millət vəkili Bəhruz Məhərrəmov bildirir ki, Prezidentin dediyi kimi vətəndaşlara hörmətlə yanaşılmalı, təvazökar olmalı, daim yerlərdə hakimiyyətin insanlara dəstəyini hiss etdirməlidirlər. Bu xətdən kənara çıxanların taleyi isə artıq hamıya bəllidir. Prezident onu da bildirdi ki, dövlət hansısa formada xaricə investisiya yatırmaq istəyən sahibkarlara qadağa qoymaq fikrində deyil. Ancaq gərək onlar özləri dərk etsinlər ki, indi ölkə koronavirus kimi ümumbəşəri bir problemlə üz-üzədir və işsizlik problemi ancaq dövlət-özəl sektorun birgə fəaliyyəti nəticəsində həll edilə bilər. Yəni, ölkə iqtisadiyyatına bu çətin anda dəstək olmaq şərəf, milli təəssübkeşlik və ümummilli məsələdir. Buna görə dövlət başçısı aidiyyatı qurumların xaricə böyük valyuta çıxaran şəxsləri nəzarətdə saxlamalı olduğunu da bildirib. Əgər indiki şəraitdə Azərbaycan biznesmenləri, o cümlədən böyük biznesin nümayəndələri xarici ölkələrə vəsait qoymaq istəyəcəklərsə, onu əsaslandırmalı olacaqlar. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: