Rövnəq Abdullayevə daha bir yüksək vəzifə verildi

  • 03.06.2021
  • 0

İyunun 3-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Cüdo Federasiyasının (BCF) konqresi keçirilib. Qurumun baş toplantısında bütün üzv ölkələrin nümayəndələri, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmilər iştirak ediblər.

Ölkəmiz konqresdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı ilə təmsil olunub. İlk olaraq Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin hesabat nitqi dinlənilib. Əsasən cüdonun dünyada geniş təbliği ilə bağlı nəhəng media şirkətləri ilə uğurlu əməkdaşlıqdan, cüdo yarışlarının məlum təqvimindən, cüdonun bütün dünyada inkişaf etdirilməsi üçün müxtəlif dövlətlərə ianələr şəklində ayrılan dəstək, təhsil məsələləri və gələcək hədəflərdən bəhs edilən hesabatdan sonra təşkilatın baş katibi və maliyyə departamentinin rəhbərinin hesabatları dinlənilib.

Daha sonra o, növbəti 4 il ərzində işləyəcəyi İcraiyyə Komitəsi üzvlərinin siyahısını Konqres iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Cüdo Federasiyasının prezidenti cənab Rövnəq Abdullayev 2-ci dəfə növbəti dörd il müddətinə Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib.

Sonda BCF-nin prezidenti Marius Vizer iştirakçılara gördükləri işlərə görə təşəkkürünü bildirib və konqresin işinə yekun vurub.