Qaragöldə nə baş verir?

  • 13.05.2021
  • 0

"Qaragöl adlanan ərazi tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib”. - Ermənistan mətbuatı bir neçə gündür ki, hay-həşir salıb. Ermənistan tərəfi gölün Azərbaycanın nəzarəti altına keçməsindən narahatdır. Gorus icmasının ciddi risk altına düşdüyü, susuz qaldığı bildirilir. 

Daha əvvəl isə Azərbaycan silahlı qüvvələrinin Ermənistanın Sisyan şəhəri yaxınlığında İşxanasar dağı ərazisində "dövlət sərhədini keçdiyi" və Verişen yaşayış məntəqəsi istiqamətində "3 kilometr irəli gəldiyi" açıqlanmışdı. 

Ermənistan qəzetləri Sünikə qoşun gətirildiyindən, 3-cü Ordu Korpusunda həyəcan siqnalı verildiyindən, Gorus, Qafan və Meğri sakinlərinə özünümüdafiə üçün hazır olmaq əmri verildiyindən yazıb.

Hətta Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan həmin gün axşam keçirdiyi Təhlükəsizlik Şurasının iclasında Sünik vilayətində baş vermiş hadisəni "diversiya müdaxiləsi" adlandırıb. O, qeyd edib ki, mayın 12-si səhər Azərbaycan silahlı qüvvələri Sevliç (Qaragöl) ərazisində dövlət sərhədini keçib, 3,5 kilometr Ermənistan ərazisinin içərisinə daxil olub. Paşinyan Azərbaycan tərəfinin göl üzərində nəzarəti ələ keçirməyə cəhd etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən bu məlumatlarla bağlı hələ ki, hansısa reaksiya verilməyib.