Qarabağın inkişaf strategiyası hazırlanır!

  • 20.04.2021
  • 0

“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) növbəti 5 il üçün milli prioritet üzrə strategiya hazırlayır. Tezliklə həmin strategiyanı təqdim edəcəyik”.

APA TV-nin xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİKTM) icraçı direktoru Vüsal Qasımlı Mərkəzin beşillik yubileyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, qarşıdakı 5 ildə Mərkəzin fəaliyyəti əsasən 5 istiqamət üzrə həyata keçiriləcək. Təbii ki, əsas hədəf iqtisadi artımı təmin etmək olacaq: “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi olaraq biz də Cənab Prezidentin müəyyənləşdirdiyi milli prioritetlər çərçivəsində  islahatların yeni istiqamətləri ilə bağlı öz təkliflərimizi verəcəyik. Bu təkliflər həm post konflikt və post pandemiya dönəminə uğundur. İlk qarşıda duran vəzifə ölkədə iqtisadi artımın bərpa edilməsidir. Bu təkcə Azərbaycan üçün deyil eyni zamanda dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri üçün əsas hədəfdir”. 

İqtisadi artımın bərpa edilməsinin heç də asan məsələ olmadığını deyən Vüsal Qasımlı onu əlavə edib ki, hazırda hökumət bu istiqamətdə öz fəaliyyətini qurur. Beynəlxalq valyuta fondu və dünya bankının proqnozlarına görə, bu ilin sonuna kimi Azərbaycanda 2-3 faizlik iqtisadi artım ola bilər.

Milli strategiya ilə yanaşı, Qarabağın inkişaf strategiyasının da hazırlandığını deyən Mərkəzin direktoru hesab edir ki, görüləcək işlər çərçivəsində məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması, burada şəhər və kəndlərin yenidən bərpa edilməsi iqtisadiyyatın atmasına əlavə təkan verəcək: “İşğal olunmuş ərazilərdə böyük resurs ehtiyatları var. 150-200 min hektarlıq torpaq, ölkəmizin su ehtiyatının dörddə birini təşkil edən su, faydalı qazıntılar ölkə iqtisadiyyatına reinteqrasiya olunacaq. Amma bütün bunlardan önəmli olan, Cənab Prezident bu ərazilərdə innovativ inkişafın, yəni “ağıllı kənd” və “ağıllı şəhər” layihələrini irəli sürüb. Bu innovativ yanaşma uğur qazanacağı halda digər şəhər və kəndlərdə də tətbiq olunacaq”.

Qeyd edək ki, 5 il ərzində Mərkəz tərəfindən 50-yə yaxın strategiya, proqram, fəaliyyət planı, konsepsiya, strateji yol xəritələri, texniki-iqtisadi əsaslandırma və digər sənədlər hazırlanıb.

Nə düşünürsən?