Qarabağ qazisinin dəstəyə ehtiyacı var - SOS

  • 01.12.2020
  • 0

Nazim İntiqam oğlu Babayev Vətən Müharibəsinin iştirakçısıdır. 23 yaşlı Nazim ailənin tək oğul övladıdır. Altı ay əvvəl atasını itirib. Qarabağ uğrunda gedən döyüşlərə könüllü yollanan Nazim Fizuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə hər iki ayağından yaralanıb: “Sentyabrın 21-i toplanışa çağırıldıq. Ondan əvvəl də könülllü müraciət etmişdim. Ali Baş Komandanın səfərbərlik çağırışından sonra bizi Pirəkəşkülə apardılar. Sentyabrın 27-də döyüş başladığı günün axşamı artıq cəbhədə idik Füzuli şəhərində”. Sentyabrın 27-dən oktyabrın 7-dək qızğın döyüşlərin iştirakçısı olan Nazim Cəbrayıl istiqamətindəki döyüşdə yaralanıb: “İki ayağımdan ağır yaralandım. Oktyabrın 7-si səhər saat 9.30 olardı. Bizi mühasirəyə aldılar tanklarla. Yenicə mövqeyə oturmuşduq. Elə həmin an döyüş başladı. Tanklardan güclü atəş açmağa başladılar. Bizdə tank əleyhinə tağım idi. Biz də tank əleyhinə silahlarla atəş açmağa başladıq. Onların ilk tankını döyüşçü yoldaşım vurdu. Mən pulemyotçuyam. Pulemyotun lüləyi qızmışdı, əlavə lüləyi aşağıda olduğundan götürə bilmədim. Yanımda şəhid olan dostumun silahı ilə vuruşdum. Özümü müdafiə edə-edə səngərə qayıdırdım ki, güllə yağış kimi yağırdı. Ermənilərin atdığı minomyot səngərə çatmağıma az qalmış yanıma düşdü. Onun qəlpələrindən hiss etdim ki, ayaqlarım tərpənmir”. Partlayış nəticəsində döyüşçü yoldaşlarının şəhid olduğunu görən Nazim yaralı yoldaşları ilə birgə səngərə qayıdıb. Onun sözlərinə görə, atəş yağışına rəğmən, heç bir əsgər yoldaşı səngəri tərk etməyib: “Mövqeyimizi son anadək tərk etmədik. İtkimiz olsa da, ərazini saxladıq. Əlbir olduq və geri çəkilmədik. Bizi Füzuli şəhərində hospitala yerləşdirdilər, ilkin tibbi yardımdan sonra Yevlax Şəhər Mərkəzi Xəstəxanasında əməliyyat olundum. Oradan Kürdəmirə göndərdilər. 15 gün saxlanıldıqdan sonra hərbi hospitala yerləşdirildim. Bir neçə gündür evdəyəm”. Nazim Babayev hələ ki, yeriyə bilmədiyini deyir: “Sağ ayağımda 3-4-5 barmaqda daraqdan yerdəyişməli sınığı, sol ayağımda incik sümüyünün qəlpəli sınığı olsa da, az ağrı verir. Yüngülləşmə var. Amma sümüklər tam birləşməyib”. Nazim 1 il 3 aydır ailəlidir. Həyat yoldaşı onun müalicəsinə yardım etmək məqsədilə işindən ayrılıb. Anası işsizdir. Bakıya gətirildikdən sonra ona döyüşə getməzdən əvvəl işlədiyi müəssisədən maddi yardım olunsa da, ailəsinin sosial durumu ağırdır. Yasamal Rayon İcra Hakimiyyətindən də yaralı döyüşçümüzə baş çəkilib. Gənc ailənin həm kredit, həm də kommunal xərclərini ödəməyə maddi durumu imkan vermir. Nazimin arzusu iş qabiliyyəti bərpa olunanadək ona yardım olunmasıdır. Çünki ailənin başqa gəlir yeri yoxdur. Müalicəsi isə ev şəraitində davam edir. Yardıma ehtiyacı olan gənc döyüşçümüz Yasamal rayonu, Hüseyn Cavid prospekti 39 ünvanında yaşayır. Əlaqə nömrəsi: 055 274 24 02.