Qarabağ ərazilərinin yenidənqurma prosesi

  • 01.05.2021
  • 0

Yazın gəlişi işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərini daha da sürələndirib.

Əlbəttə ki, ilk iş bu torpaqların minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Çünki 30 ilə yaxın müddətdə Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını minalarla dolu məkana çevirib. Minalanmış ərazilərin xəritələrini verilməməklə isə rəsmi İrəvan əslində bərpa prosesini, bununla da qayıdışı ləngitmək məqsədi güdür.

Amma istənilən halda Azərbaycan əraziləri təmizləyəcək və bunu maksimum sürətlə həyata keçirmək niyyətindədir. Bunun üçün Minatəmizləmə Agentliyi bütün gücünü səfərbər edib. Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb. Eyni zamanda bir neçə ölkədən də minatəmizləyən qruplar əraziyə cəlb edilib.

Digər tərəfdən azad olmuş torpaqlarda hər şey erməni quldurları tərəfindən dağıdılıb. Yollar, infrostruktur vəhşicəsin məhv edilib. Dövlət başçısı müharibədən dərhal sonra paralel olaraq, əsas infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Bunun üçün dövlət büdcəsindən ilkin olaraq 2,2 milyard manat vəsait də ayrılıb. Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq. Ərazilərdə həm xətlər çəkilir, həm də yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir.

Qarabağa böyük qayıdış layihəsi çərçivəsində azad olunan ərazilərdə qazlaşma prosesinə də başlanılacaq. İlkin mərhələdə inventarlaşma işlərinə start verilib.

Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb.

Beləliklə, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.

Prezident Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoyub.

Ümumiyyətlə kəndlərin bərpası mərhələlərə bölünərək aparılacaqdır. İlk növbədə, mövcud infrastruktura yaxın olan kəndlər bərpa ediləcək. Bu, həm vaxt, həm də səmərəlilik baxımından daha məqsədəuyğundur. Ona görə də Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib.

May ayının sonuna qədər isə Ağdam şəhərinin baş planının ilk versiyası təqdim olunacaq. Digər şəhərlərimizin də baş planı hazırlanır.

Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək.

Yol infrastrukturunun yaradılması ilə bağlı da bütün istiqamətlər üzrə işlər gedir. Zəfər yolunun tikintisi tam sürətlə davam edir. Hazırda yol boyunca yol əsası inşa edilir, suötürücü borular tikilir. Yol əsası tam hazır olandan sonra asfaltlama işlərinə başlanılacaq. Yol iki hərəkət zolaqlı olacaq. Zəfər yolunun sentyabrın sonuna kimi istifadəyə verilməsi planlaşdırılır. Bununla paralel olaraq, 6-4 hərəkət zolaqlı Füzuli-Şuşa yolu da inşa edilir. Burada körpü və tunellərin olması nəzərdə tutulur. Zəfər yolu 101 km, Füzuli-Şuşa yolu isə 86 km olacaq.

Eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğana-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlayıb və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılıb. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq.

REAL

 

Nə düşünürsən?