Putinlə Ərdoğanın gizli anlaşması olub?

  • 04.12.2020
  • 0

O gün - noyabrın 10-u, gecə saatlarında Qarabağın taleyi həll olundu. Münaqişənin həllində Ərdoğanla Putin arasında hansısa gizli anlaşmanın rol oynadığı iddiaları doğrudurmu? Həmin gün biz bilmədiyimiz nələr yaşandı? Siz bir bax kanalındasınız. Diqqətiniz bizdə olsun! 44 günlük Vətən müharibəsində Ermənistanı onun 1 nömrəli hərbi-strateji müttəfiqi Rusiya belə, müdafiə etmədi. Doğrudur, şimal qonşumuzun müdaxiləsi üçün hüquqi əsas yox idi. Ancaq o da məlumdur ki, Moskva istəyəndə hansısa bəhanəni asanca tapır. Lakin buna getmədi. Nəticə isə 30 ildir “göylə gedən”, özündənrazı işğalçı tərəf üçün əsl fəlakət oldu. Hazırda bütövlükdə erməni toplumu hərbi-siyasi kapitulyasiyaya görə daha çox Rusiyanı, Qərbi suçlayırlar. Hətta guya Ərdoğanla Putin arasında hansısa gizli anlaşmanın olması haqda iddialar tirajlanmaqdadır. Hazırda Azərbaycana, Türkiyəyə, hətta Rusiyaya hədə biçənlər heç də az deyil. Qısası, hamı günahkardır, bircə ermənilərdən və on illər boyu onları labüd faciəyə aparanlardan savayı. Halbuki Ermənistan artıq sonuncu “dayanacağa”, haqq etdiyi nöqtəyə gəlib çatıb. İndi bədnam qonşular öncə buradan hara getmək barədə dərindən fikirləşməli, düzgün seçim etməlidirlər, nəinki Ermənistandan kənarda günahkar axtarışına çıxmalıdırlar. Əks halda, fəlakətin davamı gələcək. Mütləq gələcək. Bir də ki, havayı pendir yalnız tələdə olur. Yəni heç kim erməniyə qaraqaş-gözünə görə kömək əli uzadan, Ermənistanı quyunun dibindən çıxaran deyil. Bundan ötrü erməni xalqının, Ermənistanın bunun qarşılığında konkret verəcəkləri, imtina edəcəyi olmalıdır. İrəvan iqtisadi tərəqqi naminə nələrdənsə vaz keçməlidir. Özü də rəsmi şəkildə. Bəs, nələrdən? O da hamıya ayındır ki, Ermənistanın dövlət və cəmiyyət olaraq qurtuluşu Azərbaycan və Türkiyənin əlindədir. Əgər rifah içində və təhlükəsizlikdə yaşamaq istəyirsənsə, o zaman zəhmət çək, nələrindənsə vaz keç, bədəl ödə. Ermənistanı biz vurub-yıxdıq, biz də ayağa qaldıra bilərik. Amma qarşılığı olmalıdır... “Qarabağ müharibəsi zamanı Paşinyan, Əliyev, Ərdoğan və Putin arasında bəzi gizli razılaşmaların olduğu barədə erməni mətbuatının tirajladığı məlumatlar tamamilə yalandır. Bu axmaqlığı erməni KİV-ləri uydurublar” - rusiyalı politoloq İqor Korotçenko belə deyib. Onun sözlərinə görə, Rusiya yalnız sülhməramlı təşəbbüs çərçivəsində hərəkət edib. “Moskva ixtilafın sülh yolu ilə həll olunmasını və Qarabağda hərbi əməliyyatların dayandırılmasının tərəfdarı idi. Şuşa şəhəri üzərində nəzarəti itirməsindən sonra Ermənistan Moskvanın vasitəçiliyi ilə Bakının şərtlərini qəbul etdi. Artıq başa düşmək lazımdır ki, müharibənin dayanmasını nəzərdə tutan razılaşma ilə Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Dağlıq Qarabağın heç bir statusu yoxdur və olmayacaq da. Bura Azərbaycan ərazisidir. Məhz bu səbəbdən Qarabağ münaqişəsinə yağlı bir nöqtə qoyulduğunu söyləyə bilərik”, - deyə o əlavə edib. Məsələ də bu “yağlı nöqtə”nin “həzm olunmasında”dır. Daha dəqiqi, Ermənistan və onun qəzəbli toplumu hazırda post-müharibə dövrünün kritik seçimi ilə üz-üzədir. Ermənilər 2 il yarım öncə əlləri üstdə hakimiyyətə gətirdikləri Nikol Paşinyana əvəz, yeni lider axtarışındadır. Ancaq aydındır ki, ölkədə fəlakət komandaları bir-birini əvəz etdikcə xilas yolu da tapılmayacaq. “Hazırda Ermənistanın və erməni xalqının dünyadakı imici mənfidir”. Nə qədər qəribə də olsa, belə bir etirafı Ermənistan prezidenti Armen Sərkisyan ötən günlərdə erməni portalına verdiyi müsahibədə deyib. “Ermənistan həqiqətən dərin iqtisadi və siyasi böhran içindədir. Yalnız Ermənistanda deyil, ümumilikdə bütün xalq dərin mənəvi-psixoloji böhran yaşayır. Həmçinin Ermənistanla əlaqəli xarici böhranımız var beynəlxalq münasibətlərdən dolayı. Çünki hazırda ölkəmizin və xalqımızın imici dünyada o qədər də müsbət deyil. Biz həm də ictimai müharibəni uduzmuşuq”, - Sərkisyan bildirib. Bəs səbəblər? Bir dəfə yazmışdıq, yenə xatırladaq ki, erməni xalqı öz liderlərini deyil, ən əvvəl özünün düşüncə tərzini, faşist təfəkkürünü dəyişməlidir, Türkə qarşı nifrətinə son qoymalıdır, dünyaya, beynəlxalq birliyə, beynəlxalq hüquqa sayğılı olmalıdır. Əks təqdirdə, heç kim ona qarşı sayğılı olmayacaq. Necə ki, deyil...

Nə düşünürsən?