Prezident Rusiyanın Azərbaycan pomidoruna qadağası barədə

  • 07.01.2021
  • 0

Rusiyanın Rosselxoznadzor qurumu dekabrın 10-dan etibarən "zərərvericilərin müəyyənləşdirilməsi" səbəbindən Azərbaycandan pomidor və alma idxalını qadağan edib. Bir həftə sonra qadağanın bir hissəsi qaldırılsa da, qadağa hazırda əsasən qüvvəsindədir. Azərbaycan Rusiyanın ən böyük pomidor təchizatçısıdır - Rusiyaya idxal olunan pomidorların 30 faizi Azərbycandan gəlir. Bəzi təhlilçilərə görə, Rusiyanın belə bir qərar verməsinə səbəb Azərbaycanın Türkiyə ilə dostluğunun onu qıcıqlandırması, digərlərinə görə dekabr ayında Bakıda keçirilmiş və məğlub Rusiya hərbi avadanlıqlarının nümayiş olunduğu Zəfər paradıdır. Rusiyanın siyasi münaqişələr zamanı pomidor idxalı qadağasından istifadə etməsi yenilik deyil - Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Rusiya lideri Vladimir Putin arasında münasibətlər gərginləşdiyi zaman Rusiya Türkiyədən pomidor alışına qadağa qoymuşdu. Rusiyalı politoloq, Moskvadakı MDB ölkələri İnstitutunun Qafqaz şöbəsinin rəhbəri Vladimir Yevseyev xatırladır ki, Moskva tərəfindən MDB ölkələri ilə ticarət sahəsində qadağalar mütləq siyasi motivli olmasa da, bəzi hallarda mahiyyətcə məhz belə də olur. Vladimir Yevseyev istisna etmir ki, Rusiya bu yolla Azərbaycanın xarici siyasətində nədənsə narazı olduğuna işarə edib: "Misal üçün, Moskva Azərbaycanın Türkiyə ilə həddən çox yaxınlaşmasından və regionda qüvvələr balansının dəyişə bilməsindən narahat ola bilər", o, BBC News Azərbaycancaya deyib.