Paşinyan Zəngəzur dəhlizinin açılmasına niyə qarşıdır? – Açıqlama

  • 24.04.2021
  • 0

Zəngəzur dəhlizinin açılması ilə bağlı çox böyük problemlər var. Sanki Ermənistan Baş naziri Nikol Paşinyan bu məsələni dondurmaq istəyir.

Oxu24.com xəbər  verir  ki, Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə müsahibəsində Ceyhun Əhmədli deyib. O bildirib ki, Paşinyanın bu cür davranışının səbəbi növbədənkənar parlament seçkilərinə qədər aqressiv bəyanatlarla Ermənistan cəmiyyətinin rəğbətini qazanmaq istəməsidir:

“O, rəqiblərinə əlavə imkan qazandırmamaq üçün Zəngəzur məsələsi ilə bağlı elə təəssürat yaratmaq istəyir ki, guya nə Azərbaycanın, nə Türkiyənin, nə də Rusiyanın diktə etdiyi şərtləri yerinə yetirir. Əslində isə reallıq başqadır. Ermənistanda heç bir siyasi qüvvə Rusiya Prezidenti Vladimir Putinin imza atdığı sənədə qarşı hörmətsizlik edə bilməz.  Onların belə bir hünəri yoxdur. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, o dəhliz açılacaq. Ermənistanın bizim yaratdığımız reallığa, regionda formalaşan geosiyasi konfiqurasiyaya təsir etmək imkanı yoxdur.

Hesab edirəm ki, Yerevandakı parlament seçkilərindən sonra bu istiqamətdə atılan real addımların şahidi olacağıq. Əks halda isə Azərbaycan başqa təzyiq vasitələrindən istifadə edəcək. Hərbi vasitə belə burada istisna deyil. Çünki biz müharibəni maraqlarımıza uyğun olan 10 noyabr bəyanatına görə dayandırdıq”.

Həmçinin politoloq onu da qeyd edib ki, Zəngəzur dəhlizinin açılması türk dünyasını birləşdirməklə yanaşı, regionda yeni münasibətlər formalaşdıracaq. 

Nə düşünürsən?