Ölümünə dostu bais oldu: Ələkbər əminin həyatı

  • 16.03.2021
  • 0

Ölümünə dostu bais oldu. Ələkbər əminin ürək dağlayan həyatı | Biri var idi... Böyüklərin sevimlisi olmaq rahatdı… 3 şirin söz, 5 tərif… Amma uşaqların ürəyinə yer tapmaq üçün, bütün istedadınla yanaşı, həm də gərək yaxşı adam olasan. Çünki uşaqlar insanları ağılla yox, ürəklə seçir. Biri var idi, bütün Azərbaycan uşaqlarının əmisi – Ələkbər əmi. 42 yaşında dostunun səhvindən Hepatitə yoluxan və 5 il sonra bu amansız xəstəliyin caynağında can verən aktyor Ələkbər Hüseynov. Ələkbər Adıgözəl oğlu Hüseynov 1961-ci ildə Bakıda - əslən Gəncədən olan, Bakı Dəmir yolunda maşinist işləyən Adıgözəl kişinin və Yaqut xanımın ailəsində - evin yeganə övladı kimi dünyaya göz açıb.1983-cü ildə Ələkbərin atasını Binəqədi şosesind keçəndə “Volqa” markalı avtomobil vurur. Ovaxtkı Abşeron Tərəvəz İnstitutunun direktorunu gəzdirən maşının sürücüsü hər gün onlara gəlib yalvar-yaxar edir: “Beş balaca uşağım var. İndi hər şey sizdən asılıdır. Onları yetim qoymaq istəmirsinizsə, şikayətçi olmayın”. Ələkbər o vaxt əsgərlikdə imiş. Atasının başına gələni eşidəndən sonra icazə alıb evə gəlir və sürücünün yalvarışlarına ürəyi dözməyib anasına deyir: “Ay ana, yazıqdır. Hər bir adamın başına gələ bilər. Onsuz da onu tutdurmaqla atam sağalan deyil”. Beləliklə, anasını razı salıb şikayət etməkdən çəkindirir. Atası isə yataq xəstəsinə çevrilir. On bir il yataqda qalır. 1994-cü ildə Adıgözəl kişi elə yataqda ikən ikinci dəfə insult keçirib dünyasını dəyişir. Ələkbər təbiətcə sakit uşaq olub. Səkkizinci sinfə qədər o biri uşaqlardan heç nə ilə fərqlənməsə də, öz otağına çəkilər, özünə müxtəlif məşğuliyyətlər tapar, təyyarə, maşın, qatar düzəldərdi. 13-14 yaşlarından isə texnikadan daha çox musiqiyə, rəqsə meyl göstərməyə başlayır. Valideynlərinin ona verdiyi pulu yığıb günlərin birində özünə nağara, qarmon, mikrofon alır. Dərnəklərə yazılır. Ona baş rollar verirlər. İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alır. Anası həmin günləri belə xatırlayır: “İnstituta imtahan verəndə mən də qarşıdakı bağda oturub nəticəni gözləyirdim. Mənimlə yanaşı skamyada əyləşən valideynlər dilənçilərə pul verir, dua eləyirdilər ki, uşaqları yaxşı qiymət alsın. Mənsə, ürəyimdə Allaha yalvarırdım ki, qoy, Ələkbər qəbul olmasın. İstəmirdim aktyor olsun. İstəyirdim, texniki elmlərə yiyələnsin, alim olsun. Bu fikirlərlə institutun qarşısında məşhur aktyorların içəri girdiyini, içəridən çıxdığına baxır və onları ilk dəfə həyatda gördüyümə görə xoş təəccüb, maraq hissi keçirirdim. Rasim Balayev, Şəfiqə Məmmədova, Mikayıl Mirzə… Birdən gördüm ki, Ələkbər institutdan çıxıb, sevincdən əllərini havada yellədə-yellədə mənə doğru gəlir. O anda başa düşdüm ki, Allah belə məsləhət görür, oğlum aktyor olacaq. Mənim yalvarışlarımın heç bir əhəmiyyəti yoxdur”. Təhsilini başa vurandan sonra Ələkbər Hüseynov təyinatla Şəki Teatrına yollanır. 1982-ci ildə bir il hərbi xidmət keçəndən sonra yenə öz işinə qayıdır. 1987-ci ildə onlar Şəkidən Bakıya dönür. Ələkbər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işləməyə başlayır. Uşaqlar tərəfindən sevilməsi də daha çox bu illərdən başlayır. Kukla teatrında işləyən, uşaqlar üçün tamaşa quran bir çox aktyorlar var, amma onların çox azı uşaqların həqiqi əmisi, babası ola bilir. Həyat yoldaşı Afaq xanımın anası ilə Ələkbərin anası bir yerdə işləyiblər. Ələkbərin anasının Afaqdan xoşu gəlir, qızın anası ilə qərara alırlar ki, gəncləri bir vasitə ilə görüşdürsünlər. Bir axşam Yaqut xala oğlunu da götürüb gələcək gəlinigilə gedir. Ələkbər ilk baxışda Afaqın xoşuna gəlməsə də, ikinci görüşdə onu byənir. Afaq xanım müsahibələrinin birində deyir: “Mən konservatoriyada oxuyurdum. Dərsdən çıxanda gördüm o gün anamın rəfiqəsi ilə bizə gələn oğlan dayanıb məni gözləyir. Üzündə elə xoş ifadə var ki, sanki biz bir dəfə yox, ömrü boyu görüşmüşük. Onun bu ovqatı beş dəqiqədən sonra mənə keçdi. Sən demə, evdə görüşəndə hər ikimiz sıxılırmışıq. İndi isə Ələkbər sıxıntını aradan qaldırıb danışmağa başladı, özü də nə başladı… Heç özümdən xəbərim olmadan bir də gördüm, qəşş eləyib gülürəm. O qədər maraqlı, məzəli, mənim üçün yeni olan söhbətlər edirdi ki, bütün varlığımla ona diqqət kəsilmişdim. Bütün şəhəri gəzdik, elə bildik, beş dəqiqə keçib. Xəbərimiz olmadı ki, artıq gün keçib, axşam olub. Mən o görüşü heç vaxt, heç vədə yadımdan çıxarmayacağam. O görüş bizi bir-birimizə əbədi bağladı.” Ələkbər Hüseynov təkcə uşaq tamaşalarında deyil, ümumilikdə vazkeçilməz aktyor idi. Uroloji xəstəxanada əməliyyat keçirmişdi. “Qətl günü” tamaşasının televiziya variantı hazırlanırdı. Onu heç kimlə əvəz etmədilər. Əsərin müəllifi Yusif Səmədoğlu özü imkan vermədi ki, onu kiminləsə əvəz etsinlər. Gözləyirdilər, Ələkbər azca sağalan kimi gəlib xəstəxanadan onu çəkilişə aparır, sonra yenə gətirib yatdığı palataya qoyurdular. Hətta çəkilişlərin birində qan azlığından huşunu itirir. Telestudiyaya təcili həkim çağırırlar.