Növbəti əsir mübadiləsi gerçəkləşdi

  • 10.02.2021
  • 0

1 əsir Ermənistandan Bakıya, 5 əsir isə Azərbaycandan İrəvana çatdırılıb Azərbaycan və Ermənistan arasında növbəti dəfə əsirlərin mübadiləsi həyata keçirilib. Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov sülhməramlılara məxsus təyyarə ilə bir əsirin Ermənistandan Bakıya, beş əsirin isə Azərbaycandan İrəvana çatdırıldığını bildirib. Beşin birə prinsipi bir çox insanlarda sual doğurur. Hərbi ekspert Şair Ramaldanov bunu Azərbaycanın qalib tərəf olması və Ermənistanda azərbaycanlı əsirlərin azlığı ilə izah edir. Ermənistan tərəfi son vaxtlar müxtəlif rəsmi səviyyələrdə Azərbaycanda onlara məxsus hərbi əsirlərin olması məsələsini qaldırır. Bu məsələyə beynəlxalq hüquqi müstəvidə aydınlıq gətirməyə çalışacağıq. Millət vəkili Nizami Səfərov deyir ki, 10 noyabr tarixli Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın Baş Naziri arasında imzalanan üçtərəfli bəyanatdan sonra Azərbaycan ərazisində gizlənən, yaxud bu müddətdən sonra Azərbaycan ərazisinə daxil olan Erməni silahlı qüvvələrinə mənsub şəxslər faktiki olaraq istər beynəlxalq hüquq, istərsə də milli qanunvericiliyə uyğun olaraq cinayətkar hesab edilirlər. Hərbi əsir - Beynəlxalq Humanitar hüquqda təşəkkül tapmış bir termindir və bu kateqoriyaya daxil olan şəxslərin hüquqi statusu ilk dəfə olaraq hərbi əsirlərlə rəftar haqqında 1929-cu il daha sonra 1949 və 1977-ci il tarixli Cenevrə konvensiyaları ilə müəyyən edilib. Azərbaycan və Ermənistan isə Cenevrə Konensiyasına 1993-cü ildə qoşulub. Beləliklə hərbi, silahlı münaqişə dövründə baş verən hadisələr birbaşa beynəlxalq hüquq normaları və prinsipləri ilə tənzimlənir. Millət vəkili qeyd edir ki, üçtərəfli bəyanatdan sonra Azərbaycan ərazisində yaxalanan erməni silahlı qüvvələrinə məxsus həmin şəxslər casus kimi qeydə alınır. Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Xarici dövlətə aid olan silahlı şəxslərin Azərbaycan Respublikası ərazisində yaxalanması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələbləri ilə təzimlənib və bu şəxslər cinayət məsuliyyəti daşıyırlar və bu şəxslər heç bir halda Beynəlxalq humanitar hüquqdan irəli gələn müdafiədən istifadə edə bilməzlər. Həmçinin Azərbaycan öz beynəlxalq öhdəliklərinə sadiq olaraq, 3-cü Cenevrə Konvensiyası ilə nəzərdə tutulmuş bütün prinsip və normaları rəhbər tutub və hərbi əsirlərlə mübadiləni hüquqi müstəvidə həyata keçirir. REAL

Nə düşünürsən?