Nazirlər azad olunan rayonlara səfər edib

  • 18.03.2021
  • 0

Türkiyəli və azərbaycanlı nazirlər Füzuli, Cəbrayıl və Zəngilanda oldular.

Türkiyənin kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdəmirli Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər etdi.

Türkiyəli naziri azərbaycanlı həmkarları - Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii sSərvətlər naziri Muxtar Babayev müşayiət edirdi.

Üç nazir əvvəlcə Füzuli rayonunda şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər, Ermənistanın xarabalığa çevirdiyi Füzuli şəhəri ilə tanış oldular.

Daha sonra nazirlər işğaldan azad edilmiş daha bir rayona - Cəbrayıla səfər etdilər. Cəbrayılın Soltanlı kəndində minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş ərazidə əkin sahəsində səpin həyata keçirildi. Türkiyəli və azərbaycanlı nazirlər kənd təsərrüfatı texnikalarını idarə etdilər.

Nazirlərin səfər etdiyi üçüncü işğaldan azad edilən rayon Zəngilan oldu. Onlar rayonun Birinci Ağalı kəndində salınan 5 hektarlıq "Qardaşlıq bağı"nda ağac əkdilər.

Nazirlər jurnalistlərə açıqlamalarında dedilər ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində birgə fəaliyyətlə bağlı razılıq var.

Qeyd edək ki, Bəkir Pakdəmirlinin səfəri Azərbaycanın işğaldan azad edilmiş rayonlarına xarici ölkədən nazir səviyyəsində ilk səfərdir.

Nə düşünürsən?