Nazir müavini təyin edilən 40 yaşlı Məmmədov - Dosye

  • 30.04.2021
  • 0

Xəbər verdiyimiz kimi, Elnur Məmmədov Azərbaycan xarici işlər nazirinə yeni müavin təyin olunub.

Axar.az xəbər verir ki, E.Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbi fəxri şəhadətnamə ilə başa vurub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bakalavr (2002) və magistr (2004) səviyyələrini fərqlənmə diplomu ilə bitirib.

Tələbəlik illərində BDU-nun nəzdində fəaliyyət göstərən tələbə təhsil-resurs mərkəzinin direktoru olub, universitetin elmi jurnallarında beynəlxalq hüquq və münasibətlər üzrə məqalələri dərc edilib. 2004-cü ildə ABŞ Departamentinin Edmund Muskie tələbə təqaüd proqramının qalibi olaraq Vaşinqton Universitetinin Hüquq fakültəsinin magistr səviyyəsini (2005) fərqlənmə diplomu ilə bitirib. 2007-2010-cu illərdə BDU-nun Hüquq fakültəsinin Mülki hüquq kafedrasında beynəlxalq kommersiya əqdləri fənnini ingilis dilində tədris edib. 2018-ci ildə Fransada yerləşən nüfuzlu INSEAD biznes məktəbinin idarəçilik ixtisası üzrə məzunu olub.

Müxtəlif illərdə Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, ölkə iqtisadiyyatının real sektorunda fəaliyyət göstərən iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb. Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.

Hazırda XİN rəhbəri olan Ceyhun Bayramov təhsil naziri vəzifəsini daşıyarkən onun müşaviri olub (2018-ci ildə).

Ailəlidir, iki övladı var.

Nə düşünürsən?