Münhen debatı: Əliyev Xankəndiyə nə vaxt gedəcək?

  • 15.02.2021
  • 0

Tam bir il öncə - 15 fevral 2020-ci ildə Münhen Təhlükəsizlik Konfransında Ermənistan Baş naziri Nikol Paşinyanla debatda Prezident İlham Əliyevin siyasi qələbəsi az qala bütün dünyada böyük əks-səda doğurmuşdu.

Xatırlayıram: Bu debatdan dərhal sonra orda iştirak edən liderlərin İlham Əliyevə yaxınlaşaraq, onu qucaqlaması (Poroşenkonun timsalında), bunun ardınca Ermənistanda ağır diplomatik məğlubiyyətin doğurduğu gərginlik, baş nazirə qarşı etirazlar və onu biliksizlikdə və qeyri-peşəkarlıqda qınamalar, rusiyalı və avropalı məşhur politoloqların İlham Əliyevin olduqca peşəkar yanaşma ilə böyük diplomatik uğur qazandığını rəsmən elan etmələrini tirajlayırdıq, amma kimlərsə tapılırdı və Azərbaycanın siyasi-diplomatik qələbələrinə kölgə salmaq, “bu uğur kimi təqdim edilənlər reallıqda heç nəyə yaramır” deyənlər az deyildi və təəssüf ki, onlar azərbaycanlılar idi.

Xatırlayıram: kimlərsə tapılırdı və Münhen, Valday konfranslarında İlham Əliyevin “Qarabağ Azərbaycandır və Nida” şüarının yalnız siyasi divident götürməyə hesablanmış sloqan olduğunu deməyə, bu siyasi-diplomatik uğurları görməzdən gəlməyə çalışırdı və qismən, istəyinə nail də olurdu.

Xatırlayıram: bu siyasi-diplomatik uğurların Azərbaycana necə böyük üstünlük yaratdığını və Qarabağın azadlığına bizi necə yaxınlaşdırdığını yazanda kimlərsə tapılırdı və buna görə ünvanımıza burda ifadə olunması mümkün olmayan “komment”lər də göndərirdilər. O kommentləri söyüşlərə görə sayta buraxmayanda isə daha ağır ifadələr ardarda düzülürdü.

Cidd-cəhdlə Azərbaycanın beynəlxalq aləmdə siyasi, diplomatik və təbliğat baxımından böyük uğurlarının ən qısa müddətdə nəticəsi olacağına inamımızı ifadə edirdik. Kimlərsə tapılırdı və bu inamımızı məsxərəyə qoyurdu.

Ermənilər bu ağır məğlubiyyətlərin şokunu yaşayırkən, bizə bu cür parlaq siyasi qələbələr bəxş edən İlham Əliyevə qarşı kimlərsə danışmağa söz tapırdı.

Əlbəttə, indi bu siyasi-diplomatik və irimiqyaslı, dünya səviyyəli qələbələrin mahiyyətini əksəriyyət yaxşı anlayır, yaxşı dərk edir. İndi bir çoxları bilir ki, Vətən müharibəsində niyə bir çoxları yanımızda olmadısa da, əleyhimizə də getmədi.

İndi tam ürəklə, könül rahatlığı ilə mahiyyətcə Paşinyandan fərqlənməyən bir il əvvəlki antitəbliğatçı “azərbaycanlı” adı daşıyan məxluqlara demək istəyirəm: “Nooldu, Paşinyanlar? Gördünüzmü Paşinyanlar? Ölüb yerə girirsinizmi, Nikolşiklər? Bəs deyirdiniz, Münhendə qələbə çalmaqla deyil, Paşinyan Şuşada rəqs edir? İndi kim çay içir Şuşada? İndi Cıdır düzündə mürəbbəli masa arxasında kim bəyanat verir?”

Elə bilirsiniz onların sözü qurtarıbmı?

Yox, yenə də söz tapırlar. 7 rayon deyil də, keçmiş DQMV-nin belə yarısında ordumuz oturduğu halda biriləri tapılır ki, bəs, noldu, niyə Xankəndidə deyilik? Bəs, niyə dayandırdın müharibəni? Bəs, niyə torpaqları tam almadın?

Şuşanı, Laçını verib, üstümüzə qaçanlar indi Şuşanı geri qaytarana yenə söz tapırlar deməyə.

“Siyasətlə heç nə alınmaz” deyirlər, “Ordunu dayandırmaqla qələbəmizi əldən verdi” deyirlər.

Guya Ordunu hücuma bunlar aparmışdı, Şuşanın azad olunması qərarını bunlar vermişdi, Xankəndini də alacaqdılar, İlham Əliyev qoymadı.

Bunlar hələ də dərk etmirlər İlham Əliyevin miqyasını, apardığı siyasətin masştabını! Bunlar Münhen Təhlükəsizlik Konfransındakı debatın nəticəsini hesablamağa qafaları çatmayan məxluqlardır; bunlar hələ də İlham Əliyevin nəyi, nə zaman və necə etdiyini fəhm etmək qabiliyyətində olmayan ünsürlərdir.

Qələbəyə doğru illərdir addım-addım gələn İlham Əliyevi dərk etməyə qadir olmayanlar və yaxud bu parlaq siyasi xadimin imkanlarını dəyərləndirmək qabiliyyətindən çox-çox uzaq olanlar “arqument” deyirlər: şəhidlər verdik, amma tam nəticə yox!

3 min şəhidlə qazanılan tam qələbənin, sərhədlərimizin tam bərpasının əhəmiyyətini anlamamağın sadəcə adı yoxdur!

Bəs, 1991-93-də nə qədər şəhid verdik? 30 min! 5 min də itkin, 50 minə yaxın da əlil... Nəticəsi nə idi?

Xankəndi nə vaxt alınacaq, bilirsinizmi?

Heç vaxt bilməyəcəksiniz, heç vaxt!

Onu ancaq İlham Əliyev bilir!

İndi, bir il əvvəlki Münhen debatına bir də baxaq: Biz bu debata bir də baxanda İlham Əliyev azad edilən torpaqlardan qayıdır, bərpaya şəxsən özü başlayıb, Xan Çinarı öz əlləri ilə əkir.

Bir il öncəki debata baxaq və bir il sonranı düşünmək fürsətini əldə edək...

Nə düşünürsən?