Moldovada yaşayan soydaşlarımızla görüş keçirilib

  • 17.11.2020
  • 0

Moldovada səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı bu ölkədəki səfirliyimizin binasında soydaşlarımızla görüş keçirib. Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə deputatlar Rüfət Quliyev, Emin Hacıyev, Sabir Hacıyev və Bəxtiyar Əliyev, səfir Qüdsi Osmanov soydaşlarımızla birgə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə münasibətilə soydaşlarımızı təbrik edən R.Quliyev bildirib ki, Azərbaycan 30 ildir işğal altında olan torpaqlarımızın həsrəti ilə yaşayırdı. Deputat Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlar nəticəsində Ermənistanın ağır vəziyyətə düşdüyünü, bu ölkənin ordusunun hərbi ruhunun sındığını və işğalçı dövlətin Azərbaycanın şərtləri ilə razılaşaraq bəyanata imza atmağa razı olduğunu bildirib. Deputatlar E.Hacıyev, B.Əliyev və S.Hacıyev çıxışlarında bildiriblər ki, Prezident İlham Əliyev bir sərkərdə, uzaqgörən siyasətçi, Müzəffər Ali Baş Komandan kimi xalqımızın birliyini daha da möhkəmləndirdi. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi tarixi Qələbə Azərbaycan vətəndaşlarına, xaricdə, o cümlədən Moldovada yaşayan soydaşlarımıza böyük sevinc hissi yaşadır. Səfir Q.Osmanov bu böyük zəfərin xalqımıza və dünya azərbaycanlılarına bəxş etdiyi qürur və fəxarət hissinin əvəzsiz olduğunu söyləyib. O, Qarabağ qələbəsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi, cəsarəti, diplomatik məharəti, milli Ordumuzun gücü və xalqımızın dəstəyi nəticəsində əldə olunduğunu vurğulayıb. Görüşdə çıxış edən soydaşlarımız qeyd ediblər ki, Prezident İlham Əliyev Azərbaycanın yeni tarixini yazıb. Azərbaycan öz torpaqlarını işğalçılardan azad edib. Moldovada yaşayan azərbaycanlılar bu qələbədən sonra özlərini qüdrətli xalqın nümayəndələri kimi hiss edirlər.

Nə düşünürsən?