Jurnalistlər Rusiya səfirliyinə müraciət edib

  • 07.04.2021
  • 0

Rusiyaya məxsus 9 M 723 nömrəli “İsgəndər” Operativ-Taktiki Raket Kompleksinin Şuşaya atılması və raketin qalıqlarının orada aşkar edilməsi Azərbaycan ictimaiyyətini narahat edir. Bu səbəbdən də Azərbaycanın bir qrup tanınmış jurnalisti Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət ünvanlayıb.

Real Təhlil İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev bildirdi ki, ictimaiyyət arasında çaşqınlıq yaradan bu məsələyə qarşı tərəf münasibət bildirməlidir.

Nəzərə alsaq ki, İrəvanda dəfələrlə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan “İsgəndər” Operativ-Taktiki Raket Kompleksindən atəş açıb, Rusiya Müdafiə Nazirliyinin rəsmisi də bunu qəti şəkildə inkar edib,

Bəs onda Rusiyanın arsenalında yerləşən, böyük dağıdıcı gücə malik olan, buna görə də satışı qadağan edilən "İsgəndər M"in qalıqları işğaldan azad olmuş ərazidən – Şuşadan niyə tapılır?

Bu xəbər Azərbaycanda və xarici KİV-də də geniş işıqlandırıldı.

“Yeni Müsavat” media qrupun rəhbəri Rauf Arifoğlu bildirdi ki, məsələ bu qədər vacib olmasaydı, ölkənin 26 tanınmış jurnalisti bu müraciəti dəstəkləyib imza atmazdı. İmza yeri məhdud olmasaydı, bu təşəbbüsə daha çox jurnalist qoşulardı.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hesab edir ki, rəsmi Moskvanın bu suallara cavabı Rusiya-Azərbaycan münasibətlərinin fəlsəfəsinə tam uygundur. Çünki iki yaxın ölkə arasnda sual doğuracaq məsələlər olmamalıdır. Nəzərə alsaq ki, Rusiya 10 Noyabr bəyanatının icra olunmasında zəmanət verən tərəf kimi çıxış edir, bu zaman bəyanatın müddəlarının icra olunmasına mane ola biləcək hər hansı addım onları da narahat etməlidir.

Ermənistanın Azərbaycan ərazilərinə İsgəndər-M raketi ilə zərbə endirməsi sıradan hadisə deyil.

Hərbi ekspert Ədalət Verdiyev belə hesab edir.

Xatırladaq ki, İsgəndər –M raketinin qalıqları üzərindəki tanıma nömrəsinin təhlili göstərir ki, Şuşaya “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb. Raketin qalıqları martın 15-də aşkar edilsə də, Azərbaycan tərəfi bu qalıqların “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra elan edib və aprelin-2 də ictimaiyyətə açıqlayıb.

 

Nə düşünürsən?