İşğaldan azad olunmuş ərazilərində idarəetmə necə olacaq?

  • 30.10.2020
  • 0

İşğaldan azad olunmuş ərazilərində idarəetmə necə təşkil ediləcək? İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili ilə bağlı 29 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərman imzalayıb. Həmin Fərmana görə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılır. Müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etmək və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etmək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilib. Həmçinin, müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirəcəklər. Bundan başqa müvəqqəti komendantlıqların nəzdində bir sıra dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılır ki, onlar Dövlət Təhlükəsizliyi Xidməti; Fövqəladə Hallar Nazirliyi; İqtisadiyyat Nazirliyi; Kənd Təsərrüfatı Nazirliyi; Ekologiya və Təbii Sərvətlər Nazirliyi; Maliyyə Nazirliyi; Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi; Mədəniyyət Nazirliyi; Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik; və müvafiq yerli icra hakimiyyəti orqanlarıdır. Zərurət olduqda, əməliyyat qərargahlarının fəaliyyətinə nəzərdə tutulanlardan başqa, digər dövlət orqanlarının (qurumlarının) nümayəndələri də cəlb oluna bilər. Müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdə bir sıra vəzifələrin yerinə yetirilməsini təşkil etməlidirlər. Həmin vəzifələr bunlardır: mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi; ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması; aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi; kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi; aşkar edilmiş sənədlərin uçotunun aparılması və sonrakı təhlil üçün mühafizəsi; hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi. Bundan başqa müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə də bir sıra vəzifələri yerinə yetirməlidirlər. Həmin vəzifələr bunlardır: Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə birlikdə minalardan təmizləmə və zərərsizləşdirmə işlərinin aparılması üçün zəruri tədbirlər görülməsi; Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması; Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsi, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması və zərurət yarandıqda, müvafiq mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi; Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi; Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə zəruri rabitə şəbəkəsinin qurulması; Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ətraf mühitin qorunması, topoqrafiya və xəritəçəkmə işlərinin aparılması, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi; Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi. Müvafiq Fərmana əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqini təmin etməlidirlər. Qeyd edim ki, müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir.

Nə düşünürsən?