İrəvanda güclənən revanşizm: Prezident mesaj verdi

  • 16.02.2021
  • 0

Kəlbəcər-Laçın zonası bərpa olunan enerji mənbələrinin yaradılması, su elektrik stansiyalarının tikintisi üçün əlverişli təbii şəraitə malikdir. Vaxtilə bu ərazilərdə çoxsaylı stansiyalar olub. İşğal dövründə ermənilər onlardan istifadə ediblər. Lakin kapitulyasiyadan sonra bütün stansiyalar dağıdılıb və yararsız hala gətirilib.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, erməni vandalizminin fəsadları işğaldan azad edilən bütün torpaqlarımızdan birdəfəlik silinəcək:

“Ölkə başçısının işğaldan azad edilən ərazilərə göstərdiyi xüsusi qayğı olduqca önəmlidir. Prezidentin işğaldan azad edilən ərazilərə ardıcıl olaraq səfər etməsi, quruculuq işləri ilə bağlı verdiyi tapşırıqlarla yerindəcə tanış olması həm mühüm hadisə, həm də ciddi mesajdır. Çünki müharibə bitsə də, real təhlükə keçməyib.

Ermənistan ictimaiyyətində hökm sürən revanşizm günü-gündən artır. Bu isə regionda yeni müharibə və ya gərginlik riskini hər zaman aktual edir. Bu mənada cənab Prezidentin işğaldan azad edilən ərazilərə səfərini Ermənistan tərəfinə ciddi mesaj olaraq qiymətləndirə bilərik.

Düşünürəm, cənab Prezidentin işğaldan azad edilən ərazilərə səfərinin diqqət çəkən bir məqamı da sapı özümüzdən olan baltalara, yəni öz maraqlarını xalqın maraqlarından üstün tutan məmurlara verilən mesajdır. Hansı ki, ölkə başçısı bu səfərlərlə işğaldan azad edilən ərazilərdə görülən işlərə, bərpa prosesinə birbaşa özünün nəzarət etdiyini göstərir”.

Politoloq bildirib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bütün stansiyaları bərpa edəcək, yeniləri tikiləcək:

“İşğaldan azad edilən ərazilərin yenidən qurulması yeni bir plan, yeni texnologiya və innovasiyalar əsasında aparılır. Məsələ ondadır ki, cənab Prezidentin təmiz enerji, yaşıl iqtisadiyyat əsasında layihələşdirdiyi quruculuq işləri bu gün də davam etməkdədir. Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün birinci mərhələ başa çatıb, hazırda Şuşada elektrik yarımstansiyası inşa edilir.

Azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyası Laçının Güləbird kəndindəki SES-dir. Laçında dağıdılmış daha 4 SES bərpa ediləcək. Kəlbəcərdə isə 12 SES yenidən qurulacaq. “Xudafərin” və “Qız qalası” SES-lərin tikilməsi üçün planlama işləri davam etdirilir.

Zəngilan rayonunda birinci pilot “Ağıllı kənd” layihəsi də məhz bərpa olunan enerji ilə təchiz ediləcək. Bir zamanlar zəngin təbiəti ilə dünyada məşhur olan Qarabağın təbii gözəlliyinin qorunması, ənənəvi sənaye ilə çirklənməməsi, bununla belə ölkə iqtisadiyyatına faydalı olması üçün işlər davam edir”.

Nə düşünürsən?